Bakı. Maksim Tsurkov - Trend:
"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji birliyinin həyati əhəmiyyətli elementidir.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda keçirilən "Caspian Energy 2017" 4-cü beynəlxalq forumunun iştirakçılarına videomüraciətində bildirib.
Vitse-prezident qeyd edib: "Enerji birliyi üzrə işlər yalnız Avropa İttifaqının üzv dövlətləri ilə münasibətlərə deyil, aralarında mühüm yer tutan Azərbaycan daxil olmaqla, tərəfdaşlarımızla münasibətlərə də toxunur".
M.Şevçoviç bildirib ki, Aİ 2020-ci ildə Azərbaycandan qaz alacağına əmindir: "Azərbaycan Avropaya enerji diversifikasiyası baxımından çox mühüm ölkədir".
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" üzrə bütün müqavilələr artıq imzalanıb və tikinti işləri bütün layihə məntəqələrində aparılır.
Avropa Komissiyasının vitse-prezidenti əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər cəhətdən bu layihəni dəstəkləyir və bu prosesdə şəxsən iştirak edir.