...

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası "Azərbaycan" 3 ilə tamamilə yenidən qurulacaq (ÖZƏL)

Energetika Materials 25 Yanvar 2019 12:12 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) 3 il müddətində tamamilə yenidən qurulacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyilib.

ASC-dən bildirilib ki, 2018-ci ilin 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması, enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə “Azərenerji” tərəfindən enerji sisteminin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq dövlət başçısına təqdim edilən “Reabilitasiya proqramı” əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür:

"Proqram çərçivəsində son üç ay ərzində “Cənub”, “Şimal” və “Bakı” elektrik stansiyalarında görülən tədbirlər nəticəsində 230 MVt güc bərpa edilib. Bundan əlavə, ötən ilin 3 oktyabr tarixindən 26 dekabr tarixinədək “Reabilitasiya proqramı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb. Nəticədə təmirdən sonra 6 saylı enerji blokunda 60 MVt yük məhdudiyyətinin aradan qaldırılması test rejimində yoxlanılıb. Eyni zamanda, hidrogen istehsal edən elektroliz, oksigen qurğularında yenidənqurma, təmir, bərpa işləri aparılıb. 500 kV-luq Açıq Paylayıcı Qurğunun I dövrəsinin 6 saylı enerji bloku və 2 saylı əlaqə avtotransformatorun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Ümumilikdə “Reabilitasiya proqramı” çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES 3 il müddətində tamamilə yenidən qurulacaq. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks-qəza avtomatikası yenidən qurulub, bərpa ediləcək. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikiləcək, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemlərinin bərpa ediləcək, bir sözlə digər genişmiqyaslı işlər görüləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücünün 220 MVt artaraq 2000 MVt-a catacaq".

Qeyd olunub ki, bununla yanaşı, “Reabilitasiya proqramı” çərçivəsində “Şimal-1” Elektrik Stansiyasında (ES) son aylarda aparılan təmir və sazlama işləri nəticəsində itirilmiş 20 MVt güc bərpa edilib:

"Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 409 MVt-luq “Şimal-2” ES-in tikitisi isə son aylarda daha da sürətləndirilib və artıq son mərhələyə qədəm qoyub. Yaxın aylarda “Şimal-2” ES istismara buraxılacaq. Bununla da Bakı və Abşeron yarımadasının 50 % elektrik enerjisinə olan tələbatını məhz Şüvəlandakı “Şimal 1” və Şimal- 2” elektrik stansiyası təmin edəcək. Həmçinin Bakı şəhərində və regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchiz olunmasında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi üçün lazım olan ehtiyat hissələrinin alınması məqsədilə Finlandiyanın “Wartsila” şirkəti ilə müvafiq müqavilələr bağlanıb. “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, 220/110/10 kV-luq “Nizami”, “Xırdalan”, “Müşfiq”, “Hövsan”, eləcə də 110/35/10 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli” və 110/35/6 kV-luq “Dübəndi”, 110/35/6 kV-luq “Maştağa”, 500/330/220 kV-luq “Abşeron” yarımstansiyalarında yenidənqurma işlərinə başlanılıb".

"Azərenerji"dən bildiriblər ki, aparılan işlər yüksək gərginlikli hava elektrik ötürmə xətlərini də əhatə edir: "Belə ki, bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 220, 110 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır və aparılmaqdadır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kV-luq dövlətlərarası elektrik verilişi xəttinin tikintisi, eyni zamanda Gürcüstan ilə elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq məqsədilə 330 kV-luq “Qardabani” hava xəttinin 2 dövrəli variantda yenidən qurulması işləri davam edir. Azərbaycan Prezidentinin 20 dekabr 2018-ci il tarixli sərəncamına əsasən yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi üçün 330/220/110 kV-luq “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi istiqamətində işlərə başlanılıb.

Bütün bunlarla yanaşı, sistem əks-qəza avtomatikasının müasir mikroprosessor texnologiyası əsasında modernləşdirilməsi gerçəkləşdirilir. Qurulacaq yeni system ilkin mərhələdə 30 elektrik stansiyanı və 150 yarımstansiyanı əhatə edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti