Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqustun 28-də Pakistana təxminən 140 min kubmetr mayeləşdirilmiş təbii qaz nəql edib.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, “SOCAR Trading” mayeləşdirilmiş təbii qaz nəqlini üç il əvvəl həyata keçirməyə başlayıb. Şirkət Pakistana müntəzəm olaraq karbohidrogen tədarük edir və bu istiqamətdə gələcəkdə də işləməyə davam edəcək:
“Mayeləşdirilmiş təbii qaz üçüncü ölkələrdən alınır və üçüncü ölkələrlə alıcılar arasında bizim ticarət dövriyyəmizin tərkib hissəsidir. Azərbaycanın dünya okeanına birbaşa dəniz çıxışı olmadığı üçün bu məhsul Azərbaycandan ixrac edilmir. Beləliklə, mayeləşdirilmiş təbii qazın aşağı qiymətlə Pakistana təqdim edilməsi Azərbaycanın öz təbii qazının satışından əldə etdiyi gəlirə heç bir təsir göstərmir”.
Qeyd edək ki, SOCAR Pakistana mayeləşdirilmiş təbii qazın ən aşağı qiymətini təklif edib. Bu, “Brent” markalı neftin qiymətinin 5,73 faizinə bərabərdir.