...

Bakıda yeni 220 kilovoltluq yarımstansiya tikilir (FOTO/VİDEO)

Energetika Materials 9 Mart 2022 10:12 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir.

“Azərenerji”dən Trend-ə verilən məlumata görə, bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti