...

Aİ və Azərbaycan arasında enerji memorandumu iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Moldovanın sabiq baş naziri

Energetika Materials 28 Dekabr 2022 08:47 (UTC +04:00)
Aİ və Azərbaycan arasında enerji memorandumu iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır - Moldovanın sabiq baş naziri

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji memorandumunun imzalanması rasional addımdır və çox güman ki, Azərbaycan ilə Aİ arasında sosial-iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

Bu barədə Trend-ə Moldovanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kirill Qaburiç deyib.

Sabiq baş naziri qeyd edib ki, dünya iqtisadiyyatı ciddi etimad böhranı yaşayır və qlobal dialoqu təəssüf ki, konstruktiv və dostluq adlandırmaq olmaz:

"Siyasi və hərbi münaqişələr şəraitində təhlükəsizlik mövzusu prioritetdir. Təhlükəsizlik qarşılıqlı hörmətə, səbrə və müdrikliyə əsaslanan məsuliyyətli siyasətin nəticəsidir. Bu şəraitdə Azərbaycanın sabitliyi və proqnozlaşdırıla bilən olması xüsusilə qiymətli keyfiyyətlərə çevrilib. Bu baxımdan, Aİ ilə Azərbaycan arasında enerji sazişinin imzalanması rasional addımdır və çox güman ki, Azərbaycan ilə Aİ arasında sosial-iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Hesab edirəm ki, bu, həm də Prezident İlham Əliyevin məsuliyyətli və müdrik rəhbər kimi şəxsi keyfiyyətlərinin növbəti sübutudur. Biz daha səmərəli və açıq əməkdaşlıq etməyi, bir-birimizi dəstəkləməyi və fikir ayrılıqlarımızı qəbul etməyi öyrənməliyik - bu, davamlı sülhə aparan yoldur".

Daha sonra o, Azərbaycanın sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər əldə etdiyini qeyd edib:

"Cəmiyyətin enerjisi inkişafa sərf olunanda, xalqların insanları quruculuq, tərəqqi üçün birləşdirən məqsədləri olanda yaxşı bir haldır və burada, Prezident İlham Əliyevin böyük xidməti vardır. Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nailiyyətlər əldə edib və inamla irəliləyir. Azərbaycanda sosial sabitlik ölkənin regional sabitliyə yatırdığı sərmayədir".

K.Qaburiç Azərbaycan Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dəstəyini də yüksək qiymətləndirib:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əməkdaşlıq üçün tanınmış platformaya çevrilib və qlobal dialoqun səmərəliliyinin artırılmasına kömək edə bilər. Biz Prezident İlham Əliyevin təşkilatın işinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Ümid edirəm ki, qarşıdakı dövrdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoqun dəstəklənməsi və bəşəriyyətin gələcəyinə təhlükə yaradan məsələlərin (iqlim dəyişikliyi, qlobal istiləşmə, hava, su və torpaq çirklənməsi və ərzaq böhranı) prioritetləşdirilməsinə kömək etmək istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bizi birləşdirə biləcək və birləşdirməli olan böyük problemlərlə üz-üzəyik - və Nizami Gəncəvi Beynəlxalq Mərkəzimiz bu prosesə əsas töhfə verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti