...

Azərbaycanda daha iki günəş elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb (FOTO)

Energetika Materials 23 Fevral 2026 13:14 (UTC +04:00)
Azərbaycanda daha iki günəş elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov, “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə Naxçıvanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji zonası” ilə bağlı strateji baxışına uyğun inkişaf etdirildiyi, Muxtar Respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir şəbəkə infrastrukturunun qurulması və enerji sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib. Zəngəzur dəhlizinin enerji komponenti üzrə həyata keçirilən işlər, o cümlədən enerji sistemlərinin birləşdirilməsi, Naxçıvandan elektrik enerjisinin ixrac edilməsi perspektivləri nəzərdən keçirilib. Naxçıvanda 50 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı “CEI Nakhchivan” MMC və “Enerso” MMC ilə əməkdaşlıq ölkəmizin “yaşıl enerji” gündəliyində mühüm mərhələ kimi dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazov deyib: “Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regional enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpa olunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının strateji kursunda prioritet istiqamətlərdən biridir. Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir. Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcəkdir.”

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Naxçıvan Muxtar Respublikasında enerji təchizatının dayanıqlılığının gücləndirilməsi və xüsusilə yay aylarında artan tələbatın qarşılanması baxımından günəş elektrik stansiyalarının vacibliyini vurğulayıb.

Naxçıvan MR-nın iqtisadiyyat naziri Kazım Hüseynəliyev isə strateji əhəmiyyətli bu iqtisadi rayonun zəngin günəş enerjisi potensialının reallaşdırılmasında bu yeni layihələrin rolunu yüksək qiymətləndirib. Naxçıvanda yaradılacaq yeni güclərin iqtisadi inkişafa, gələcəkdə qonşu ölkələrə və Avropaya enerji ixracına da təkan verəcəyi qeyd edilib.

AGEC-in İdarə Heyətinin sədr müavini Xəyalə Nağıyeva bildirib: “İnanırıq ki, dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu təşəbbüs regionda yaşıl investisiyaların artmasına və uzunmüddətli iqtisadi dəyərin formalaşmasına zəmin yaradacaq. Bu layihə dövlət və özəl sektor sinerjisinin real nəticəsidir. Layihə həm regionun enerji təhlükəsizliyinə töhfə verəcək, həm də Azərbaycanın bərpa olunan enerji üzrə strateji hədəflərinə xidmət edəcək.”

“Nobel Energy” şirkətinin baş kommersiya direktoru Eldar Məmmədzadə deyib: “Günəş elektrik stansiyalarının inkişafı ilə bərpa olunan enerjidən istifadənin genişləndirilməsini təmin edərək Naxçıvanda “Yaşıl Enerji Zonası” təşəbbüsünü dəstəkləməkdən məmnunuq. “Nobel Energy” olaraq regionda müasir və dayanıqlı enerji infrastrukturunun qurulması ilə iqtisadi artıma və enerji keçidinə töhfə verməyə davam edirik.”

Yekunda Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.

Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, xüsusən də “yaşıl enerji” istehsalı üzrə hədəflər müəyyən olunub. Bu hədəflərə nail olunması üçün strateji addımlar atılmaqdadır. Bu çərçivədə yeni elektrik stansiyaların istismara verilməsi isə xüsusi önəm kəsb edir. Yeni stansiyaların istismara verilməsi ilə ölkənin elektrik enerjisi istehsalı artım dinamikası nümayiş etdirməkdədir. Belə ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat saat (kVt•st), yəni 0,9% artaraq 28,657 milyard kVt•st olub.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 24,823 milyard kVt•st, su elektrik stansiyalarında (SES) 2,842 milyard kVt•st, digər mənbələr üzrə isə 991,6 milyon kVt•st, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt•st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt•st elektrik enerjisi istehsal edilib.

2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt•st artımla 769,5 milyon kVt•st elektrik enerjisi istehsal edilib.

2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25,592 milyard kVt•st (İES-lərdə 22,704 milyard kVt•st, SES-lərdə 2,827 milyard kVt•st, GES-lərdə 61,1 milyon kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 3,039 milyard kVt•st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1,147 milyard kVt•st, idxalı isə 177,2 milyon kVt•st olub.
Əlavə edək ki, 2025-ci il ərzində "Azərenerji" ASC "Naxçıvan Enerji" MMC-nin istismar sahəsində olan elektrik stansiyalarında 507,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Belə ki, bu elektrik enerjisinin, 321,7 milyon kilovat-saatı və ya 63.4%-i istilik elektrik stansiyalarında, 125,1 milyon kilovat-saatı və ya 24.7%-i su elektrik stansiyalarında, 60,7 milyon kilovat-saatı və ya 11,9%-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilib elektrik şəbəkələrinə ötürülüb.

Naxçıvanda istehsal olunan ümumi elektrik enerjisinin 36.6%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Ümumilikdə, respublikada 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə ümumilikdə 8 giqavat gücə nail olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti