...

Azərbaycan 2006-cı ildə rekord həcmdə neft hasil edəcək

Energetika Materials 22 Avqust 2006 18:29 (UTC +04:00)

Bu gün Azərbaycanın Sənaye və Energetika Nazirliyində Natiq Əliyevin rəhbərliyi altında "Maşınqayırma və elektrik enerjisi sahəsində mövcud vəziyyət və inkişafın perspektiv istiqamətləri" mövzusunda müşavirə keçirilib.

Trend xəbər verir ki, görüşdə Nazirlər Kabinetinin, "Azneftkimyamaş" SC, "Azəriqaz" QSC-nin, ARDNŞ-ın nümayəndələri, maşınqayırma və elektrik-texniki zavodların və s. başçıları iştirak edib.

Natiq Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda neft sektoru böyük templərlə inkişaf edir. "Bu il 30,5 mln. ton neft hasil olunacaq və bu, rekord göstəricidir. Son dəfə rekord göstərici 1941-ci ildə qeydə alınıb, o vaxt 22,3 mln. ton neft hasil edilib", - deyə o bildirib.

O qeyd edib ki, mövcud qiymətləndirmələrə görə, bu il Dövlət Neft Fonduna keçirilən məbləğ 2,5 mlrd. ABŞ dolları təşkil edəcək, 2007-ci ildə bu göstərici 5 mlrd. ABŞ dollarına çatacaq.

Lakin, nazirin qeyd etdiyi kimi, neft sahəsində birtərəfli inkişaf böyük problemlərə səbəb ola bilər. "Hazırda Azərbaycanda sənaye artımı müşahidə olunur, lakin sənaye sektorunun müəssisələrində hələ də problemlər var", - deyə nazir bildirib.

Onun sözlərinə görə, vaxtilə iri müəssisə olan və böyük miqdarda məhsul buraxan bəzi zavodlar indi yalnız bir neçə məhsul növü istehsal edir. "İşçilərin sayı xeyli azalıb. Vaxtilə Azərbaycan sənayesinin bayraqdarları olan müəssisələr bu adı özlərinə qaytarmalıdırlar, lakin bu, yalnız yeni texnologiyaların və müasir avadanlığın tətbiq edilməsi hesabına baş verə bilər. Onlar yalnız dünya təcrübəsindən və texnologiyasından istifadə etməlidirlər", - deyə N.Əliyev bildirib.

Müəssisələrin nümayəndələri əsasən satış bazarlarının olmaması və güzəştli şərtlərlə sərmayə almaq arzusundan ibarət olan problemlərindən danışıb.

Xəbər lenti

Xəbər lenti