...

"Azərenerji" Azərbaycanda 12 min istifadəçiyə elektrik enerjisinin tədarükünü dayandırıb

Energetika Materials 28 Sentyabr 2006 10:35 (UTC +04:00)

"Azərenerji" SC istifadə olunan elektrik enerjisinə görə vəsaitlərin yığılmasında vəziyyətin ağır olduğu 18 rayonun enerji ilə təchizatına məhdudiyyətlər qoyub. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. Bu tədbir ödəmə ilə bağlı problemlərin həlli və tədarük olunmuş elektrik enerjisinə görə vəsaitlərin yığımının tam təmin olunmasına yönəldilib.

Avqustda paylayıcı şəbəkələri "Azərenerji"nin idarəsində yerləşən 46 rayonda tədarük olunmuş enerjiyə görə yığım orta hesabla 50,6% təşkil edib. Ən pis yığım göstəricisi Şəkidə (30%) qeydə alınıb. Daha sonra Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Goranboy, Biləsuvar, Hacıqabul, Neftçala, Sabirabad, Kürdəmir, İsmayıllı, Qəbələ, Oğuz, Ağdam, Zaqatala, Daşkəsən gəlir.

Rayonların icra hakimiyyəti başçılarına vəsaitlərin yığım vəziyyətinin normallaşdırılmadığı təqdirdə enerjinin tədarükündə məhdudiyyətlərin qoyulacağı barədə xəbərdarlıq məktubu göndərilib. Məhdudiyyətlər daha çox borcu olan rayonların yaşayış məntəqələrində tətbiq olunacaq. Hazırda 12 mindən çox istifadəçiyə enerjinin tədarükü dayandırılıb. Hazırda rayonların 25-30% abunəçisi üçün sayğaclar quraşdırılıb. İlin sonunadək bu proses tamamilə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti