...

Agip KCO "Kaşaqan" yatağının istismar konsepsiyasını seçir

Energetika Materials 25 Avqust 2007 11:43 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Agip KCO beynəlxalq konsorsiumu Qazaxıstanda neft hasilatını sutkada 1,5 mln. barelə çatdırmaq üçün optimal variantın müəyyənləşdirilməsi məqsədilə "Kaşaqan" yatağının istismar konsepsiyasını seçir. Bunu Agip KCO-nun nümayəndəsi Vüqar Vüsalov deyib.

"Konsepsiyanın seçimi ilə bağlı araşdırmaları 2007-ci ilin sonu - 2008-ci ilin əvvəlinə yekunlaşdırmağı planlaşdırırıq. Konsepsiya seçildikdən sonra ilkin layihələşdirmə başlayacaq" - deyə o bildirib.

"Kaşaqan"dan ilkin neft hasilatı 2010-cü ildə planlaşdırılır. Konsorsiumun məlumatlarına əsasən, yatağın sənaye istismarı ilə bağlı işlər $19 mlrd. həcmində müəyyənləşdirilir. Qazaxıstan hökuməti hesab edir ki, layihə xərcləri konsorsiumun müəyyənləşdirdiyi rəqəmdən artıq olacaq.

"Yatağın işlənilməsi ilə bağlı qeyri-müəyyənlik faktorları və gələcək bazar konyukturunu nəzərə alsaq xərclərin həcmini müəyyənləşdirmək tezdir" - deyə Vüsalov bildirib.

Agip KCO yatağın sənaye istismarına hələ 2005-ci ildə başlamalı idi. Bu müddətədək müqavilənin şərtləri yerinə yetirilmədiyi üçün tərəflər yatağın istismarının ertələnməsi ilə bağlı danışıqlara başlayıb. 2004-cü ilin fevralında konsorsium Qazaxıstan hökuməti ilə "Kaşaqan"ın sənaye istismarı müddətinin 2005-ci ildən 2007-2008-ci illərə qədər təxirə salınması ilə bağlı anlaşma əldə edib. Agip KCO buna görə Qazaxıstana $150 mln. kompensasiya ödəməli olacaq.

"Kaşaqan"dan başqa konsorsiumun işlədiyi ərazilərə daha üç perspektiv struktur daxildir: "Kalamkas", "Aktotı", "Kayran". 11 dəniz blokundan ibarət ərazi 5600 kv. km-ə bərabərdir.

Agip KCO-nun bəyanatlarına əsasən, "Kaşaqan"da neft ehtiyatları minimum 7-9 mlrd. barel, ümumi geoloji ehtiyatları isə 38 mlrd. barel həcmində dəyərləndirilir.

Agip KCO-ya bu şirkətlər daxildir: "Eni", "Total", "ExxonMobil", "Royal Dutch"/"Shell" 18,52 % iştirak payına, "ConocoPhillips" - 9,26%, "Inpex" və "KazMunayQaz" isə 8,33% malikdir.

Xəbər lenti

Xəbər lenti