...

Effektiv iqlim rejimi emissiyaların azaldılmasını nəzərdə tutmalıdır - İqlim Hüququ Şurasının həmsədri

Yaşıl iqtisadiyyat Materials 6 Sentyabr 2024 12:52 (UTC +04:00)
Effektiv iqlim rejimi emissiyaların azaldılmasını nəzərdə tutmalıdır -  İqlim Hüququ Şurasının həmsədri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Effektiv iqlim rejimi əhəmiyyətli dərəcədə emissiyaların azaldılmasını, dövlət iştirakını və öhdəliklərin yerinə yetirilməsinə ciddi nəzarəti nəzərdə tutmalıdır.

Trend xəbər verir ki, bu barədə İqlim Hüququ Şurasının həmsədri Annet Magnusson (İsveç) beynəlxalq "Hüquq və İqlim" konfransında bildirib.

"Bugünkü görüşün əsas mövzusu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsindəki əsas tələblərdir. Beynəlxalq hüquq rejimində iqlim dəyişikliyinə qarşı mübarizə üçün əsas tələblər nədir? Hüquqi baxımdan, bu, kontekstdən asılıdır. Üç mühüm ölçü var ki, əsas tələblərin müəyyən edilməsində nəzərə alınmalıdır.

Birincisi, sərtlik dərəcəsidir. İstixana qaz tullantılarının azaldılması tələbləri nə qədər sərtdir? Onlar ən son elmi məlumatlara uyğundurmu? İkincisi, iştirakdır. Beynəlxalq razılaşmalar, mümkün qədər çox dövlətin şərtlərə qoşula biləcəyi şəkildə hazırlanmalıdır. İqlim dəyişikliyi qlobal bir problemdir və daha çox ölkə razılaşmalara qoşulsa, uğur şansı artar. Üçüncüsü isə yerinə yetirmədir. Razılaşma şərtlərinin yerinə yetirilməsinə nə dərəcədə nəzarət edilir? Öhdəliklərin yerinə yetirilməsi baxımından nə qədər effektivdirlər?", - o vurğulayıb.

Magnussonun sözlərinə görə, effektiv iqlim rejimi əhəmiyyətli dərəcədə emissiyaların azaldılmasını, geniş dövlət iştirakını və öhdəliklərin ciddi şəkildə yerinə yetirilməsini təmin etməlidir.

"Üç ölçü eyni dərəcədə vacibdir - sərtlik, iştirak və yerinə yetirmə. Lakin son 30 ildə, BMT-nin iqlim rejimində əhəmiyyətli inkişafına baxmayaraq, bu üç aspektdə eyni gücü əldə etmək nadir hallarda mümkün olub. İqlim dəyişikliyi problemi beynəlxalq əhəmiyyət kəsb edir, 1980-ci illərin sonlarından etibarən bu məsələ daha geniş müzakirə olunmağa başlayıb, amma kökləri 1972-ci ilin Stokholm Konfransına qədər gedib çıxır", - o əlavə edib.

Magnusson beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinə cavab olaraq əhəmiyyətli hüquqi normativlər hazırladığını və bu prosesin asan olmadığını qeyd edib.

"Son dövrlərə qədər beynəlxalq hüquq iqlim dəyişikliyi ilə mübarizədə yalnız müsbət nəticələr əldə edib, amma son illərdə pozitiv dəyişikliklər müşahidə olunur. İqlim dəyişikliyi məsələləri beynəlxalq hüququn digər sahələrini də əhatə etməyə başlayır və bu, müzakirə edəcəyimiz bir mövzudur. Beynəlxalq iqlim hüququnun əsas istiqamətləri iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi, uyğunlaşma, maliyyə və digər dəstəklər, həmçinin, öhdəliklərin yerinə yetirilməsinə olan beynəlxalq nəzarətdir", - o əlavə edib.

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “Hüquq və iqlim” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti