Bakı. Trend:
Dünya iqlim problemlərini həll etmək üçün ən yeni maliyyə alətlərinə ehtiyac duyur.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı daimi koordinatoru Vladanka Andreyeva Bakıdakı Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forumda çıxışı zamanı bildirib.
"Əgər biz indi ekosistemimizi qorumasaq, gələcəyimizi də qoruya bilməyəcəyik. Dünya hazırda qarşıdan gələn qlobal “Net Zero” hədəfinə çatmaq və təcili iqlim problemlərini həll etmək üçün ən yeni innovasiyalara və maliyyə alətlərinə ehtiyac duyur", — Andreyeva qeyd edib.
O, emissiyaların azaldılmasının iqtisadiyyatın əsas sahələrində, o cümlədən sənaye, nəqliyyat və tikintidə vacib olduğunu vurğulayıb.
"BMT bu məqsədlərə nail olmaq üçün kollektiv səyləri və layihələri dəstəkləyir. İqlim dəyişmələri hamını əhatə edir və təsir göstərir, buna görə də qlobal dialoq və innovativ həllərin tapılması zəruridir", — əlavə edib.
Qeyd edək ki, Böyük Britaniya səfirliyinin, "Great Challenge Fund", BMT-nin Azərbaycan nümayəndəliyinin və "John Patterson Events" şirkətinin dəstəyi ilə Bakı şəhərində Britaniya Ticarət Palatası (BCCA) tərəfindən təşkil edilən Davamlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum başlayıb,
Tədbirin əsas mövzuları: 1) İş dünyasında ən son yeniliklər: havada karbonun tutulması, enerji transferi, tikintidə və mənzil sahəsində Net Zero, yaşıl hidrogen, rəqəmsal inkişaf. 2) Nəqliyyatda ESG və şəhər nəqliyyat sistemləri. 3) Ağıllı şəhərlərin indeksi.