...

Hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edirik - Fransalı nazir

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 12:44 (UTC +04:00)
Hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edirik - Fransalı nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz hər il ən azı 6 milyard avro iqlim maliyyəsi təqdim edirik və onların üçdə biri uyğunlaşma üçün ayrılır.

Trend xəbər verir ki, bu barədə Fransanın energetika naziri Olqa Jiverne Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, 2022-ci ildə Yaşıl İqlim Fondu, Adaptasiya Fondu və Ən Az İnkişaf etmiş Ölkələr Fondu vasitəsilə adaptasiya üçün 2,5 milyard avro ayrılıb.

“İnkişaf Agentliyimiz bir çox həssas ölkələrə texniki yardım və potensialın artırılması üçün qrantlar təqdim edən “AdaptAction” adlı xüsusi mexanizm hazırlayıb. Bu, onlara uyğunlaşma maliyyəsini cəlb etmək üçün öz milli uyğunlaşma planlarını hazırlamağa kömək edir. 2017-ci ildə fəaliyyətə başladığı gündən bu mexanizm demək olar ki, 700 milyon avro davamlı investisiyalardan istifadə edib. Məsələn, biz Banqladeşlə Banqladeşin Milli Uyğunlaşma Planına əsaslanan və uyğunlaşmanın planlaşdırılması və investisiyanın birlikdə faydalarını nümayiş etdirən 1 milyard avro dəyərində uyğunlaşma paktını razılaşdırdıq. Biz həmçinin öyrəndik ki, uyğunlaşma üçün lazım olan investisiyaların miqyası bütün resursların səfərbər edilməsini tələb edir. Buna görə də biz çoxtərəfli inkişaf banklarına, həm də özəl, institusional investorlara, innovativ maliyyə alətləri və mexanizmlərinə müraciət etməliyik", - fransalı nazir əlavə edib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti