Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı bölməsi üçün 1 milyard 226,5 milyon manat məbləğində vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur.
Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu bölmə üzrə nəzərdə tutulan vəsaitin 490 milyon manatı ölkə ərazisində mövcud olan su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcək.
Məlumata əsasən, ölkədə ərzaq təhlükəsizliyi tədbirləri üçün 512,7 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsait hesabına fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinin alınmasına çəkdikləri xərclərin bir hissəsi kompensasiya ediləcək və əkin sahələrinə, təhvil verilən məhsula, toxum və ting satışına görə subsidiyalar veriləcək. Eyni zamanda, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar heyvanların sayının artırılması və süni mayalanma yolu ilə alınan sağlam buzovlara görə dəstək göstəriləcək. Bundan əlavə, barama istehsalına subsidiya ayrılacaq, lizinq yolu ilə texnika, suvarma sistemləri və damazlıq heyvanların alınmasına dövlət büdcəsi hesabına güzəştlər və digər kənd təsərrüfatı tədbirlərinin maliyyələşdirilməsi təmin olunacaq.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 29,5 milyon manat vəsait ayrılacaq.
Dövlət büdcəsində baytarlıq tədbirləri üçün nəzərdə tutulmuş 44,9 milyon manat vəsaitin 22,8 milyon manatı baytarlıq xidmətlərinin həyata keçirilməsinə, 18,2 milyon manatı vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınmasına və daşınmasına, 900 min manatı xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə yönəldiləcək.
Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmasına 5,4 milyon manat, aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsinə isə 8,2 milyon manat ayrılacaq.
Bu ilin dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 6,7 milyon manat təşkil edəcək.
