...

AmCham Azərbaycanda nəqliyyatın "yaşıl" keçidinin sürətləndirilməsinə dair tövsiyyələrini bölüşüb

Yaşıl iqtisadiyyat Materials 29 Yanvar 2026 16:34 (UTC +04:00)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanın “yaşıl” nəqliyyata keçidinin sürətləndiirlməsinə dair tövsiyələrini bölüşüb.

Trend bu barədə AmCham-a istinadən məlumat verir.

Palata xüsusilə şəbəkəyə qoşulan hibrid nəqliyyat vasitələri üçün idxal rüsumlarından əlavə azadolmaların tətbiq edilməsini, şarj infrastrukturunun inkişafı üzrə yol xəritəsinin hazırlanmasını və özəl sahibkarlara elektrik enerjisinin üçüncü tərəflərə və yenidən şəbəkəyə satılmasına imkan verən qanunvericilik dəyişikliklərinin həyata keçirilməsini təklif edir. Bu addımlar şarj stansiyalarına özəl investisiyaların artmasına töhfə verəcək.

AmCham həmçinin, Mərkəzi Bankın ekoloji təmiz nəqliyyat vasitələri üçün sığorta tariflərinin azaldılması ilə bağlı tövsiyələrinin icrasına dəstək göstərilməsini və nəzarət mexanizmlərinin tətbiqini, eləcə də yeni ticarət mərkəzlərində, dayanacaqlarda və yaşayış komplekslərində şarj stansiyalarının məcburi quraşdırılmasının nəzərdə tutulmasını tövsiyə edir.

Bundan əlavə, ekoloji təmiz nəqliyyat vasitələrinin sahiblərinə xüsusi rəngli dövlət nömrə nişanları, ayrılmış parkinq yerləri və ödənişli yollardan istifadə üçün endirimlər kimi güzəştlərin verilməsi, həmçinin ekoloji təmiz avtomobillərin dövlət satınalmalarında prioritet əldə etməsi təklif olunur.

“Bundan başqa, təmiz sıfır emissiya zonalarının yaradılması və genişləndirilməsi, o cümlədən Şuşa şəhərində ictimai nəqliyyat, milli parklarda daxili daşımalar və Ələt Azad İqtisadi Zonası kimi strateji obyektlərdə nəqliyyatın əhatə olunması, eləcə də 2030-cu ilə qədər avtobus parkının ən azı 30 faizinin elektrikləşdirilməsi səviyyəsinə nail olunması zəruridir”, – deyə AmCham bildirir.

Daha geniş strateji planda AmCham dəmir yolu, dəniz və aviasiya nəqliyyatında alternativ yanacaq növlərinə tələbat və təklifin qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırma tədqiqatlarının aparılmasını təklif edir. Buraya bioyanacaq, dayanıqlı aviasiya yanacağı, metanol və digər qarışıq yanacaq növləri daxildir.

AmCham qeyd edir ki, Azərbaycan bu istiqamətdə artıq bir sıra tədbirlər həyata keçirib.

Məlumata görə, hökumət hibrid və elektrik nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və satışı zamanı ƏDV-dən azad olunmasını nəzərdə tutan dəyişiklik qəbul edib, elektromobillər isə idxal zamanı bütün vergilər və rüsumlardan tam azaddır.

Palatanın vurğuladığı kimi, bu addımlar ekoloji təmiz nəqliyyat vasitələrinin idxalının artmasına və istehlakçılar üçün daha əlçatan olmasına şərait yaradıb.

“İctimai nəqliyyat sahəsində isə Bakıda ilk dəfə elektriklə işləyən avtobus istifadəyə verildi və ictimai nəqliyyat sisteminə inteqrasiya edildi. Ekoloji cəhətdən zərərsiz nəqliyyat vasitələri üçün yeni əlverişli kredit şərtləri də (ilkin ödəniş 40%-dən 20%-ə, faiz dərəcəsi isə orta hesabla 15%-dən 10%- ə endirildi) Azərbaycanın yaşıl nəqliyyata keçidinə əhəmiyyətli töhfə verdi. Eyni zamanda, bankların və maliyyə mexanizmlərinin hibrid və elektrikli nəqliyyat vasitələrinin ev təsərrüfatları tərəfindən əldə edilməsində mühüm rol oynadığını vurğulamaq da vacibdir. 2024-cü ildən müşahidə edilən və 2025-ci ildə də davam edən bu təsirin 2030-cu ilə qədər uzana biləcəyi gözlənilir. Bu tədbirlərin birləşdirilmiş təsiri ölkədə yaşıl nəqliyyatın inkişafına real töhfə vermişdir”,-deyə AmCham hesabatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti