...

"BakuTel 2010" sərgisinin ərazisi 30 faiz artıb

Telekommunikasiya Materials 22 Noyabr 2010 19:36 (UTC +04:00)
2010-cu il noyabrın 23-26-da "Bakı Ekspo" sərgi və toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşmış tədbir olan "BakuTel-2010" - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.
"BakuTel 2010" sərgisinin ərazisi 30 faiz artıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

2010-cu il noyabrın 23-26-da "Bakı Ekspo" sərgi və toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşmış tədbir olan "BakuTel-2010" - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək. Bu sərgi "Beynəlxalq İKT Həftəsi" şüarı altında keçirilir.

16 illik tarixə malik olan sərgi Xəzər regionunda hər il dünya ictimaiyyətinin diqqətini cəlb edən aparıcı İKT forumu hesab olunur. Son bir neçə ildə sərginin açılış mərasimlərində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi ölkə rəhbərliyi tərəfindən sərginin mövzusuna verilən yüksək əhəmiyyətdən xəbər verir. İqtisadiyyatın strateji baxımdan önəmli olan İKT sahəsinin inkişafı üçün bu sərginin əhəmiyyətli olmasına sübut kimi, sərgiyə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən xüsusi diqqət və dəstək göstərilir. "BakuTel" sərgisinin beynəlxalq nüfuzu təkcə sərgidə telekommunikasiya avadanlıqları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı istehsalçıların iştirakı ilə ölçülmür. Bu nüfuz həmçinin sərginin bu sahədə fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya Birliyi, Birləşmiş Millətlər Təşkilatı və Rabitə sahəsində Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar tərəfindən dəstəklənməsi, Beynəlxalq Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təltif edilməsi ilə sübuta yetir. Sərginin təşkilatçıları "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləridir.

Bu il sərginin baş sponsoru qismində "Huawei Technologies" şirkəti çıxış edir. Sərginin daha bir sponsoru isə "Oracle" şirkətidir. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları qismində isə "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Greenwich Travel Club", "SIAR" şirkətləri və "Qafqaz Point" mehmanxanası çıxış edirlər. 2010-cu ildə keçirilən sərgilərin texniki tərəfdaşı olan "Caspel" şirkəti isə ziyarətçilərin ixtiyarına informasiya köşklərini təqdim edəcək. Bu köşklərdən istifadə etməklə ziyarətçilər sərgi haqqında və onun keçirildiyi yerə dair faydalı məlumatlar əldə edə biləcəklər.

"BakuTel-2010" sərgisi Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla, dünyanın 16 ölkəsindən 115-dən çox şirkəti bir araya gətirəcək. Bu sənaye sahəsinin sabit durumunu və yüksək potensialını nümayiş etdirən göstəricilərdən biri də bu il sərgi meydançasının 30% artması və sərginin daimi iştirakçılarının sayının 70%-i keçməsidir. "BakuTel" sərgisi yeni eksponentləri cəlb etməkdə davam edir və bu il sərginin debütantları sırasına daha 24 şirkət qoşulacaq. Sərgi ərazisinin 40 faizdən çoxu iri İKT şirkətləri tərəfindən tutulub və onların əksəriyyəti "BakuTel" sərgisinin daimi iştirakçılarıdırlar. Onların arasında "Azel", "Azercell Telecom", "Azerfon-Vodafone", "Aztelecom", "Azqtel", "B&B TV", "Bakcell", "Bakı Telefon Rabitəsi İstehsalat Birliyi" (BTRİB), "Caspel", "Caspian Navtel", "Delta Telecom", "Huawei Technologies", "Idrak Technology Transfer", Microsoft, "Nokia Siemens Networks", "Oracle", "Orbital Sciences Corporation", "R.I.S.K.", "SINAM", "Softline", "Teleradio", "Ultra" və başqaları var.

Sərginin dörd iş günü ərzində xarici və yerli şirkətlər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, teleradio verilişlərinin yayımlanması üçün avadanlıq və texnologiyalar, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlərini ziyarətçilərin diqqətinə təqdim edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "BakuTel" sərgisi çərçivəsində tərəfdaş şirkətlər ilə birgə "Xalq kompüteri", Regional İnnovasiya Zonasının yaradılması və digər bu kimi perspektiv layihələri təqdim edəcək, habelə Qərbi Avropa və Şərqi Asiyanın 20-yə yaxın ölkəsini əhatə edən "Transavrasiya informasiya super-magistralı" layihəsinin cari vəziyyəti barədə məlumat verəcəkdir. Sərgidə fəaliyyət göstərəcək kosmik sənaye bölməsi bu tədbirin mövzusunun aktuallığını bir daha vurğulayır. Belə ki, sərgi hazırda yekunlaşma mərhələsində olan "Azerspace" peykinin orbitə buraxılması layihəsi ilə bağlı son nailiyyətlərlə tanış olmaq, həmçinin peykin yerüstü idarə olunması strukturunun yaradılması və bu sahədə kadrların hazırlanması məsələlərini öyrənmək imkanını təmin edəcək.

Bununla yanaşı, geniş işgüzar ünsiyyəti nəzərdə tutulan dolğun iş proqramı, forum, seminar və təqdimatların keçirilməsi də sərginin ayrılmaz hissəsini təşkil edir. Dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı problemlərin aktuallığı, həmçinin Azərbaycanda "Ekologiya ili" ilə əlaqədar, noyabrın 24-də "Hyatt Regency" mehmanxanasının müşavirə zalında keçiriləcək konfransın xüsusi mövzusu "İKT və iqlim dəyişikliyi" olacaq. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans hər il sərginin tərkib hissəsidir. Konfransın işində müxtəlif nazirliklərin nümayəndələri, habelə xarici qonaqlar və ekspertlər iştirak edəcəklər. Konfransda beynəlxalq və yerli qurumların mütəxəssisləri məruzələrlə çıxış edərək öz təcrübələri ilə bölüşəcək və qarşıda duran layihələrdən danışacaqlar.

İlk dəfə sərgi çərçivəsində Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ayrıca stenddə "Culturama" adlı çox maraqlı bir layihə təqdim edəcək. Bu layihə artıq dünyanın bir çox sərgilərində təqdim olunacaq. "Culturama" mədəniyyət panoramasını əks etdirən və ən son multimedia proqramları və ekran texnologiyalarından istifadə olunmaqla 9 monitorda nümayiş etdirilən innovasiya layihəsidir. Misirin Mədəni və Fundamental İrsin Sənədləşdirilməsi bölməsinin əməkdaşları Misirin 5000 ilə yaxın yaşı olan zəngin tarixini nümayiş etdirəcəklər. Burada ölkənin Antik, Koptik və İslam dövrünə aid irsi nümunələri təqdim olunacaq.

"Beynəlxalq İKT Həftəsi" çərçivəsində sərgi ilə paralel olaraq Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları rəhbərləri - nazirlər Şurasının 43-cü iclası keçiriləcək. İclasda rabitə və informasiya texnologiyaları sahəsində cari və perspektiv əməkdaşlıq və fəaliyyət məsələləri müzakirə edilib qərarlar qəbul ediləcək.

Sərgi və konfrans haqqında xəbərlər, İKT sahəsinin aparıcı simalarının məqalələri, "BakuTel" sərgisinin təqdimatları və sənaye yenilikləri sərginin hər ilki qəzeti olan "Daily News" ("Gündəlik xəbərlər") buraxılışında əks olunacaq. Bu qəzet sərgi iştirakçıları və ziyarətçiləri arasında pulsuz paylanacaq.

Beləliklə, sərgi bu sənaye sahəsində fəaliyyət göstərən kompüter proqramlarından tutmuş kosmik sənayeyə qədər geniş spektrdə İKT məhsulları və həll variantlarına toxunmaqla peşəkarlar üçün parlaq və dolğun bir hadisə olacaq. Öz ən gözəl ənənələrini qoruyub saxlamaqla, "BakuTel-2010" sərgisi hər şeydən əvvəl yeni siması ilə fərqlənəcək. Sərgi ilk dəfə olaraq yeni "Bakı Ekspo Mərkəzində" təşkil olunacaq. Bu, sərgi iştirakçılarının çoxdan gözlədikləri bir hadisədir, belə ki, sərginin müasir sərgi kompleksində keçirilməsi onun ekspozisiyasını daha səmərəli şəkildə genişləndirməyə imkan verəcək. Sərginin bir çox daimi iştirakçısı öz sərgi sahələrinin ərazisini daha da genişləndiriblər ki, bu da sərgidə təqdim olunan məhsul və xidmətlər çeşidini də genişləndirməyə imkan yaradıb. Eksponentlər sərginin ziyarətçiləri üçün yeni orijinal stendlərdə sürprizlər, uduşlu oyunlar hazırlayıblar ki, bu da fəal hazırlıqdan və onun səbirsizliklə gözlənildiyindən xəbər verir.

Bu il keçirilən sərgini fərqləndirən mühüm cəhətlərdən biri də təqdim olunacaq yeni məhsul və xidmətlərin sayı ilə bağlıdır. Aparılmış tədqiqatların nəticələrinə görə, sərgi ziyarətçilərinin yeni məhsul və texnologiyalara olan marağı iştirakçı şirkətlər tərəfindən təqdim olunan yenilikləri əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar, təşkilatçılar ən yeni xarici və yerli informasiya avadanlıqları, texnologiya və həll variantları nümunələri ilə rahat tanış olmağa imkan verən "İnnovasiyalar ərazisi" adlı layihə həyata keçirmək qərarına gəliblər. Sərgidə proqram təminatı, naviqasiya sistemləri, sismsiz texnologiyalar, intellektual sistemlər, müasir texnika və avadanlıqlar, digər yüksək texnologiyalı məhsullar nümayiş etdirəcək sərginin 60 faizdən çox iştirakçı-şirkətləri bu layihədə təmsil olunacaqlar. Ziyarətçilərin bu yenilikləri asanlıqla və tez görə bilmələri üçün stendlər xüsusi nişanla işarələnəcək. Bu nişan sərgi planında yeniliklər təqdim edən şirkətlərin yanında da yerləşdiriləcək. Bundan əlavə, sərgi ərazisində ziyarətçilər arasında paylanacaq "İnnovasiyalar Ərazisi" kataloqu yeni texnologiyalar və həll variantları dünyasına özünəməxsus bir bələdçi olacaq.

Təşkilatçılar ümid edirlər ki, "BakuTel" sərgisi yüksək texnologiya və rabitə vasitələri sahəsində Azərbaycanın başqa ölkələrlə qarşılıqlı faydaya əsaslanan əlaqələrinin gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək və İKT sənayesinin innovasiyalı texnologiyalar əsasında yenilənməsi istiqamətində lokomotiv rolu oynayacaq.

Ziyarətçilərin rahatlığı üçün onları "Bakı Ekspo Mərkəzinə" pulsuz aparıb gətirəcək xüsusi avtobuslar təşkil olunub. Avtobusların hərəkət qrafiki ilə bağlı ətraflı məlumatı sərginin rəsmi internet saytının www.bakutel.az/transport bölməsindən əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti