...

Özbəkistan biometrik pasport sisteminin tətbiqinə başlayır

Telekommunikasiya Materials 6 Yanvar 2011 12:19 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimov çərşənbə günü "Özbəkistan Respublikasında pasport sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" fərman imzalayıb.
Özbəkistan biometrik pasport sisteminin tətbiqinə başlayır

Özbəkistan, Daşkənd, 6 yanvar /Trend, müxbirr D.Əzizov/

Özbəkistan Prezidenti İslam Kərimov çərşənbə günü "Özbəkistan Respublikasında pasport sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Sənəddə bildirilir ki, fərman "müasir beynəlxalq standartlar və tələblər nəzərə alınmaqla Özbəkistan Respublikası vətəndaşlarına pasportların, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün yol sənədlərinin hazırlanması, verilməsi və mübadiləsi qaydalarının gələcəkdə təkmilləşdirilməsi məqsədi daşıyır".

Pasport sistemi haqqında əsasnamə və vətəndaşlığı olmayan şəxslər üçün biometrik yol sənədləri barədə qaydalar bu fərmanla təsdiqlənib.

Respublikanın Xarici İşlər Nazirliyinə xarici dövlətlərin hökumətlərini, Beynəlxalq Mülki Aviasiya Təşkilatını və Beynəlxalq Standartlaşdırma Təşkilatını Özbəkistanda milli pasport sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlandırmaq tapşırılıb.

Fərmana əsasən, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi və digər nazirliklərlə birgə iki ay müddətində Nazirlər Kabinetinə fərmana uyğun olaraq qanunvericiliyə dəyişikliklər və əlavələrin edilməsi barədə təklif təqdim etməlidir.

Fərmana əsasən, Özbəkistan vətəndaşlarının hazırkı pasportları və vətəndaşlıqları olmayan şəxslərin şəxsiyyət vəsiqələri 2015-ci il dekabrın 31-dək qüvvədədir.

Özbəkistan biometrik məlumatlara əsaslanan pasport sisteminin tətbiqi üzrə tədbirlərə 2010-cu ildə başlamağı planlaşdırsa da, sonradan bu müddət 1 il - 2011-ci il yanvarın 1-dək təxirə salınıb.

Bununla yanaşı, pasportların dəyişdirilməsi üzrə bütün tədbirlərin bundan əvvəl planlaşdırılan müddətə, yəni 2016-cı ilədək həyata keçirilməsi nəzərdə tutulub.

2011-ci il ərzində dövlət müəssisələri qulluqçularının, ölkədən gedən və ya xaricdə olan vətəndaşların, eləcə də ilk dəfə pasport alan və ya müddəti başa çatdığına görə pasportunu dəyişdirən şəxslərə yeni pasportlar veriləcək. İkinci mərhələdə (2012-2015-ci illər) digər vətəndaşlar da biometrik pasportlar almalıdırlar.

Özbəkistanda pasportların hazırlanması üçün biometrik məlumatların toplanması və ərizələrin formalaşdırılması üçün 215 məntəqənin yaradılması planlaşdırılır, daha 40 məntəqə ölkənin xaricdəki səfirlik və konsulluqlarında açılacaq.

Bu gün Özbəkistanda əhalinin sayı 28 milyon nəfəri ötür. Əhalinin təxminən 60 faizini yaşı 16-dan yuxarı olan şəxslər təşkil edir.

Xəbər lenti

Xəbər lenti