Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda kabel televiziyası operatorlarından biri olan B&BTV şirkəti tezlik spektrinin istifadəsi üzrə "Azercell" mobil rabitə operatoruna qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi göndərib. Bu barədə çərşənbə günü Trend-ə B&BTV-nin rəhbəri Səbinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, 3G xidmətlərinin göstərilməsi üçün "Azercell" şirkətinin tezliklərdən istifadə etməsi qanunaziddir, öz növbəsində, kabel televiziyasının işində əngəl yaradır. B&BTV həmin tezliklərə görə hər ay müəyyən məbləğ ödəyir.
"Biz hazırda bu tezliklərdə yayım aparırıq, müvafiq olaraq, iki şirkətin eyni tezlikdə işləməsi mümkün deyil", - Babayeva deyib.
Əvvəl B&BTV "Bakcell" mobil rabitə operatoru ilə saziş imzalayıb və şirkətlə tezliklər üzrə bütün məsələləri razılaşdırıb.
Radiotezliklər üzrə Dövlət Komissiyası əvvəl 3G standartında xidmətlər göstərmək üçün Azərbaycanın mobil rabitə operatorlarına 1965-1980 və 2155-2170 Mhz tezliklərini təqdim edib. Bu qərara həmin tezliklərin balansında olduğu B&BTV etiraz edib.