...

Azərbaycanda İKT sahəsində özəl sektor imtiyazlar əldə edə bilər

Telekommunikasiya Materials 25 Aprel 2012 17:18 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması özəl sektora vergi və gömrük güzəştləri, dövlətdən kreditlər və maliyyə dəstəyi almağa imkan verəcək.
Azərbaycanda İKT sahəsində özəl sektor imtiyazlar əldə edə bilər

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması özəl sektora vergi və gömrük güzəştləri, dövlətdən kreditlər və maliyyə dəstəyi almağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Bu da öz növbəsində, özəl sektorun daxili və beynəlxalq bazarlarda rəqabətədavamlı olmasına imkan verəcək", - nazir deyib.

Onun sözlərinə görə, nazirlik yanında Fond artıq yaradılıb və onun fəaliyyətə başlaması İKT sahəsində özəl sektorun inkişafına kömək edəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin balansında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılmasına dair sərəncam dövlət başçısı tərəfindən martın 15-də imzalanıb.

Layihə İKT sahəsində yenilikdir. O, Azərbaycanda bu sahənin və bu sahədə ölkənin ixrac potensialının inkişafına yönəlib. Onun əsas məqsədi İKT sahəsində biznes mühitin yaradılması, xarici kapitalın axınını təmin olunması və ölkənin ixrac potensialının yaxşılaşdırılmasıdır. Fond ölkənin dövlət büdcəsindən maliyyələşdiriləcək və onun üstünlüklərindən respublika əhalisinin bütün təbəqələri faydalana biləcək.

Fond elmi-texniki sahədə perspektiv "start-up"lara (Start-up - sürətli reallaşdırılma üçün nəzərdə tutulan biznes ideyası) birbaşa maliyyə dəstəyi göstərəcək.

Fondun əsas vəzifələri elmi-texniki sahədə dövlət siyasətinin aparılması və kiçik müəssisələrin dəstəklənməsi, onlara birbaşa maliyyə yardımının göstərilməsi və kadrların hazırlanmasıdır ki, bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti