Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsi üçün struktur islahatların aparılması lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
"Bu, ölkənin telekommunikasiya bazarında rəqabət üçün şərait yaradacaq, həmçinin inhisarçılıqla mübarizəni gücləndirəcək", - nazir qeyd edib.
Transmilli Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsinin əsas hissəsi olan sualtı kabel magistralının çəkilməsinə dair sualı cavablandıran nazir deyib ki, artıq Qazaxıstan tərəfi ilə tikinti işlərinin həyata keçirilməsinə dair ilkin razılıq əldə olunub.
"Türkmənistan ilə məsələlərin razılaşdırılması üzrə işlər isə yekun mərhələdədir. Güman edirik ki, BMT-nin dəstək verdiyi mövcud layihə bu təşkilatın xüsusi qrupunun diqqət mərkəzindədir", - Abbasov bildirib.