Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir H.Vəliyev/
On ayın yekunları üzrə Azərbaycanın informasiya-rabitə texnologiyaları sektorunun artım sürəti 18,2 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji inkişaf şöbəsinin rəhbəri İsbəndiyar Əliyev cümə axşamı "Xalq kompüteri" layihəsinin reallaşdırılmasının nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib.
"2013-cü ilin əvvəlində genişzolaqlı internetin inkişafı layihəsinin reallaşdırılmasına başlanacağı gözlənilir", - Əliyev deyib.
Layihə "Hər evə optika" prinsipi üzrə həyata keçiriləcək. Bakıda son istifadəçiyə verilən məlumatların ötürülməsinin minimum sürəti 30 mbit/s, maksimum - 100 mbit/s təşkil edəcək. Əliyev regionlarda bu göstəricinin müvafiq olaraq 10-30 mbit/s təşkil edəcəyini qeyd edib.
"Xalq kompüteri" layihəsi çərçivəsində təklif olunan kompüterlər bazar qiymətindən 25-40 faiz aşağı olmaqla, 12 aya qədər müddətlə faizsiz kredit şərtləri ilə verilir.