...

"Azərpoçt" ÜPİ-nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb

Telekommunikasiya Materials 10 Yanvar 2013 20:22 (UTC +04:00)
192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır.
"Azərpoçt" ÜPİ-nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır. 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kriteriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu - 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.

Azərbaycanın poçt operatoru - "Azərpoçt" MMC 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin 29 oktyabr - 3 noyabr tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilmişdi.

ÜPİ-nin eksperti tərəfindən "Azərpoçt" MMC-də audit yoxlaması keçirilib və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilib. MMC mümkün olan 2000 baldan 1912 bal toplaya bilib.

Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə "Azərpoçt" MMC-yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənib və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb.

ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti