...

“TASİM” dünyanın 100 qlobal layihəsindən biri seçilib

Telekommunikasiya Materials 12 Mart 2013 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan hökumətinin təşəbbüsü ilə reallaşması nəzərdə tutulan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi növbəti dəfə dünya miqyaslı uğura imza atmışdır. Belə ki, ötən həftə Nyu-York şəhərində təşkil olunan 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq seçilmişdir.

Çərşənbə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyalari Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, "Maliyə Layihəsi" üzrə namizədlər arasında yer alan "TASİM" Türkiyənin reallaşdırmaq istədiyi 9 milyard dollar dəyəri olan İstanbul hava limanı və Braziliya hökumətinə məxsus 3.2 milyard dollar məbləğində qiymətləndirilən Rio de Janeiro hava limanı konsepsiyası ilə eyni kateqoriyada yarışır.

İnfrastrukturun bütün sektorlarını əhatə edən müsabiqədə namizədlər 13 ölkədən seçilmişdir. Sevindirici haldır ki, Azərbaycan iki qlobal layihəsi ilə bu ölkələr arasında yer almışdır. Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən 7 milyard dollar dəyəri olan "Trans-Anadolu" qaz kəməri layihəsi də müsabiqənin nominatları sırasında yer almışdır.

Qeyd edək ki, 6-ci Qlobal İnfrastruktur İdarəçilik Forumunda 400 nəfərdən çox hökumət və şirkət nümayəndələri iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti