Azərbaycan, Bakı, 2 dekabr /Trend/
29 noyabr 2013-cü il tarixdə Bakıdakı "28 Cinema" kinoteatrında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və "Nar Mobile" mobil operatorunun dəstəyilə "Üç tarix" adlı layihə çərçivəsində çəkilmiş kinoalmanaxın təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
2012-ci ilin oktyabr ayında start götürmüş layihənin əsas məqsədi gənc Azərbaycan kinorejissorlarını dəstəkləmək və zəngin tarix-memarlıq irsinə olan marağı artırmaqdan ibarət olub.
Filmlərin çəkilişini təmin etmək üçün yaradıcılıq prosesinə start verilməsi, ssenarilərin yazılması və son məhsulun montaj edilməsinə qədər olan bütün mərhələlərdə müəlliflərə müvafiq dəstəyin göstərilməsini nəzərdə tutan layihə uğurla başa çatıb. Layihə iştirakçıları olan üç gənc rejissor - Teymur Hacıyev, Mariya İbrahimova və Murad Əbiyev tərəfindən hazırlanmış üç film tamaşaçıların diqqətinə təqdim edilib. Kann festivalının "Qızıl kamera" mükafatı laureatı Vitaliy Kanevski tərəfindən xüsusi olaraq təşkil edilən rejissura və ssenari sənəti üzrə master-klass məşğələlərində iştirak etmiş gənc rejissorların yaratdıqları ekran əsərləri ictimaiyyətdə böyük rezonans doğurub.
Milli-mənəvi dəyərlərə böyük önəm verən "Nar Mobile" mobil operatoru da əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrarolunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə öz dəstəyini əsirgəməmişdir.