...

Dünya Bankı TASİM kabel magistralının çəkilməsi üçün alternativ marşrut təklif edib

Telekommunikasiya Materials 9 İyul 2014 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Dünya Bankı (DB) Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin reallaşdırıla biləcəyi üçüncü alternativ marşrut təklif edib. Bu barədə Trend-ə TASİM layihəsinin İşçi qrupunun rəhbəri Zaur Həsənov bildirib.

TASİM layihəsi Frankfurtdan Honkonqadək əsas tranzit rabitə xəttinin yaradılmasını nəzərdə tutur. Avropa və Asiyanın iri informasiya mübadilə mərkəzlərini birləşdirəcək şəbəkə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Almaniyaya kimi uzanacaq.

İkinci şimal alternativ tranzit rabitə xəttinin Rusiya, Polşa və Ukraynanın ərazisindən keçəcəyi planlaşdırılır.

Z.Həsənov qeyd edib ki, DB üçüncü marşrut kimi Türkmənistanı təklif edir: "Üçüncü alternativ marşrutun salınması iyulun 11-də Bakıda keçiriləcək TASİM layihəsinin iştirakçılarının növbəti görüşünün gündəliyinə daxil edilib".

Onun sözlərinə görə, görüş çərçivəsində prinsipial sazişin kabel magistralının tikintisi layihəsinin reallaşdırılması üzrə aspektləri, o cümlədən layihənin biznes modeli, trafikin idarə olunması, investisiyalar və gəlirlərin paylanması məsələləri müzakirə olunacaq.

Bundan başqa, layihənin iştirakçıları TASİM-in tərkibi hissəsi olan kabel magistralının Xəzər seqmentinin salınması məsələsini müzakirə edəcəklər.

Gündəliyə layihənin kabel magistralının tikintisində istifadə ediləcək iqtisadi, texnoloji və texniki parametrləri daxil edilib.

Hazırda TASİM layihəsinə Rusiya ("Rostelekom"), Qazaxıstan ("KazTransCom"), Türkiyə ("TürkTelekom"), Çin ("China Telecom") kimi ölkələr cəlb olunub.

İlkin hesablamalara görə, layihə 100 milyon dollar dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti