Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Uşaqları internetin mənfi təsirindən qorumaq üçün ilk növbədə kompüter texnikası mağazalarından başlamaq lazımdır. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) deyiblər.
Nazirlikdən qeyd ediblər ki, adıçəkilən problemin həll edilməsində birinci olaraq məhz kompüter riteylindən başlamaq lazımdır, çünki valideynlər uşaqları üçün fərdi kompüterləri mağazalardan alırlar: "Təşəbbüslərdən biri kompüter texnikası satıcıları arasında maarifləndirici fəaliyyətin aparılması ola bilər. Onlara uşaqları internetin mənfi təsirindən necə qorumaqla bağlı məlumat vermək olar".
Nazirlikdən deyiblər ki, bu problem qlobal xarakter daşıyır, bununla əlaqədar Azərbaycan Odessa Milli Rabitə Akademiyasının uşaqları internetin mənfi təsirindən qorunması üzrə regional təşəbbüsünü dəstəkləyib: "Azərbaycan bu təşəbbüsü tam dəstəkləyir və həyata keçirməyə hazır olduğunu ifadə edir. Lakin təəssüf ki, təşəbbüsün reallaşdırılması üzrə konkret mexanizmlər hələ hazırlanmayıb".
RYTN-dən vurğulayıblar ki, Azərbaycanda uşaqların internetin mənfi təsirindən qorunmasına yönəlmiş layihələr həyata keçirilir: "Məsələn, "AzEduNet" maarifləndirici şəbəkəsi çərçivəsində göstərilən "Təhsil üçün təhlükəsiz internet" xidməti. Bu layihə orta təhsil müəssisələrini əhatə edir. Lakin problemə qlobal yanaşmaq və ildə ən azı, bu mövzuya həsr edilmiş konfrans təşkil etmək lazımdır. Konfransda Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər strukturların nümayəndələri iştirak edə bilərlər".