...

Elmir Vəlizadə: TASİM magistralının tikintisi üzrə işlər 2016-cı ilə planlaşdırılıb

Tender müsabiqələri Materials 11 İyul 2014 15:52 (UTC +04:00)
Transmilli Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikintisi üzrə işlər 2016-cı ilə planlaşdırılıb.
Elmir Vəlizadə: TASİM magistralının tikintisi üzrə işlər 2016-cı ilə planlaşdırılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Transmilli Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikintisi üzrə işlər 2016-cı ilə planlaşdırılıb. Bu barədə Trend-ə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hər şey iyulun 11-də Bakıda keçirilən layihə iştirakçısı olan tərəflərin görüşünün nəticələrindən asılıdır: "Ötən ilin dekabrında layihənin operatorları TASİM layihəsi çərçivəsində anlaşma memorandumu imzalayıblar. Növbəti addım mühüm hədəfi 2016-cı ildə layihənin reallaşdırması üzrə işlərin başlanması olan prinsipial sazişin imzalanmasından ibarətdir. Bu, layihə iştirakçısı olan tərəflərdən ciddi səy tələb edir. Bu gün Bakıda keçirilən seminar tərəflərin danışıqlarında ciddi irəliləyişə, bütün məsələləri həll etməyə kömək edəcək, ən əsası texniki, kommersiya və hüquqi detalları dəqiqləşdirəcək. Hər şeydən vacib, əlbəttə, TASİM layihəsinin biznes modelinin inkişafında ciddi irəliləyişə nail olmaq, gəlirlərin bölüşdürülməsi məsələsini razılaşdırmaq, marşrut üzrə işləri başa çatdırmaqdır".

İyulun 11-də Bakıda TASİM layihəsinin iştirakçılarının beşinci görüşü keçirilib. Görüş çərçivəsində kabel magistralı tikintisi layihəsinin, o cümlədən layihənin biznes modelinin, trafikin idarə olunması ilə bağlı məsələlərin, investisiyalar və gəlirlərin bölüşdürülməsinin reallaşdırılması üzrə prinsipial sazişin aspektləri müzakirə olunur. Müzakirənin əsas mövzularından biri TASİM layihəsinin əsas tərkib hissəsi olan kabel magistralının Xəzər seqmentinin çəkilişidir. Gündəliyə kabel magistralının tikintisində istifadə olunacaq layihənin iqtisadi, texnoloji və texniki parametrləri və s. məsələlər daxildir.

Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi ilə təmsil olunub.

Bundan başqa, ötən ilin sentyabrında BMT Baş Assambleyası Azərbaycanın Avrasiya alyansının (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması və TASİM informasiya magistralının tikintisi üzrə təşəbbüsünü dəstəkləyən qətnamə qəbul etmişdi.

TASİM layihəsinin ümumilikdə 20 ölkəni birləşdirməsi nəzərdə tutulub. Onun reallaşdırılması Qərbi Avropa və Sakit okean hövzəsi ölkələri arasındaı "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti