...

Dinlərarası dialoq qaçılmazdır - Trend News-un icmalçısı

Nəzər nöqtəsi Materials 21 Dekabr 2009 11:34 (UTC +04:00)
Müasir dünyada dinin insan həyatından uzaq olduğu haqda hər nə qədər fikirlər söylənilsə də, həm şərqdə, həm də qərbdə baş verən bir çox hadisələr dinin heç də insan həyatından uzaq olmadığını söyləməyə əsas verir.
Dinlərarası dialoq qaçılmazdır - Trend News-un icmalçısı

Rufiz Hafizoğlu - Trend Yaxın Şərq redaksiyasının rəhbəri

Müasir dünyada dinin insan həyatından uzaq olduğu haqda hər nə qədər fikirlər söylənilsə də, həm şərqdə, həm də qərbdə baş verən bir çox hadisələr dinin heç də insan həyatından uzaq olmadığını söyləməyə əsas verir. Dinin insan həyatında rolu artdıqca şübhəsiz ki, dinlərarası dialoqun da vacibliyi gün-gündən artmaqdadır. Beləki, acınacaqlı həqiqətdir ki, müasir dünyamızda baş verən bir çox hadisələrə istər Qərbdə, istərsə də Şərqdə dini don geyindirilir. Əslində, din faktoru hər zaman barışdırıcı olsa da, bu amildən öz siyasi maraqları üçün məharətlə istifadə edən super güclərin olduğu zaman-zaman ortaya çıxmaqdadır. Siyasi maraqlar üçün isə çox təssüf ki, ən çox islam və xristianlıqdan istifadə edilir.

Məhz digər dinlərdən fərqli olaraq, ilk növbədə bu iki aparıcı dinin mənsubları arasında dialoqun olması vacibdir. Lakin təəssüflər olsun ki, bu gün bu iki din mənsubları arasında dialoqun baş tutmasına mane olan bir sıra daxili əngəllər mövcuddur. Dolayısıyla həm müsəlmanlar, həm də xristianlar dialoqa tam hazır deyillər və hər iki tərəfdən bir-birinə qarşı qarşılıqlı ittihamlar irəli sürülür.

Görəsən bu gün hər iki tərəfdə də dialoqa mane olan amillər hansılardır?

İlk növbədə dialoqa əngəl olan amillərdən biri də müsəlmanlar arasında vahid idarəetmə sisteminin olmamasıdır. Vatikan rəsmiləri dəfələrlə müsəlmanlarla dialoqa hazır olduqlarını söyləmələrinə baxmayaraq, dialoqun kiminlə - islamı "inhisarlaşdırmağa" çalışan Səudiyyə Ərəbistanı, yoxsa mötədil müsəlman dövləti olan Türkiyə və ya İranla aparılacağı faktı qarşısında qalıblar.

Şübhəsiz ki ,Vatikan hazırda islam aləmində Türkiyə və İran kimi dövlətləri kənarda qoyaraq, Səudiyyə Ərəbistanı ilə dinlərarası dialoqa başlamağın bir o qədər də effektli olmayacağını yaxşı bilir. Səudiyyə Ərəbistanı müqəddəs Məkkə və Mədinə şəhərlərinin hesabına hər nə qədər müsəlmanların mənəvi dayaq yeri olsa da, ölkənin dünya müsəlmanları arasında bir o qədər də nüfuzu yoxdur. Çünki Səudiyyə Ərəbistanı dünya müsəlmanları arasında birləşdirici mövqe tutmaq əvəzinə təəssüf olsun ki , parçalayıcı mövqe sərgiləməkdədir. Rəsmi dairələrdə olmasa da, Səudiyyə üsul idarəsinə xidmət edən "saray alimləri"nin verdikləri fitvalar, İrana, şiə müsəlmanlara və sələfi düşərgəsindən olmayanlara qarşı münasibət bu gün müsəlmanlar arasında parçalanmaya səbəb olub.

Səudiyyə Ərəbistanının tətbiq etməyə çalışdığı modern sələfilik metoduna diqqətlə nəzər salsaq, bunun islamın ilkin mərhələsindəki sələfiliklə heç bir əlaqəsi olmadığını və modern sələfiliyin birləşdirici deyil, parçalayıcı mövqe tutduğunu görmək olar. Bu gün modern sələfilər sadəcə İrana və şiə müsəlmanlara qaşı deyil, eyni zamanda digər sünni məzhəblərə qarşı da barışmaz mövqe nümayiş etdirirlər.

Digər problemli məqamlardan biri isə modern sələfilərin Səudiyyə Ərəbistanına məxsus həyat və düşüncə tərzini islam adı altında yaymaqlarıdır.

Səudiyyə Ərəbistanından fərqli olaraq bu gün Türkiyənin dialoq üçün daha geniş potensialı var, lakin Türkiyədə olan mötədil islam anlayışı dünyanın bir çox müsəlmanları tərəfindən məqbul deyil. Çünki "mötədil islam" ilə " İslamda mötədillik" bir-birindən əsaslı şəkildə fərqlənir və "mötədil" islam anlayışına müsəlman ölkələrində münasibət birmənalı deyil. Ən maraqlısı isə odur ki , öz mötədilliyi ilə seçilən bir çox müsəlman siyasətçilər belə "mötədil islam" termininin qəti əleyhinədirlər.

Hətta Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2007- ci ilin avqust ayında çıxışı zamanı "mötədil islam" terminin işlədilməsinin qəti əleyhinə olduğunu bildirmişdi.

"İslamın mötədili, radikalı olmaz. "Mötədil" islam anlayışı çirkin bir iftiradır. Həm də bu, dinimizə qarşı hörmətsizlikdir", - deyə o qeyd etmişdi.

Ümumiyyətlə bu gün müsəlmanlar arasında belə bir fikir hökm sürür ki , "mötədil islam" anlayışı Qərb və ABŞ tərəfindən islamı sarsıtmaq üçün yaradılan bir layihədir.

"Mötədil" islam" termininə gəlincə, bu terminə siyasi kontekstdə ilk dəfə olaraq Buş administrasiyasının Yaxın Şərq ölkələri ilə bağlı xarici siyasət strategiyasının əks olunduğu hesabatlarda rast gəlinir.

"11 sentyabr" hadisəsindən sonra ABŞ hökuməti xarici siyasət kursunda "qabaqlayıcı üstünlük" (Preemptive preeminence) strategiyasına əl atdı. Bu strategiyaya görə, Pentaqon "qlobal" təhlükə ehtimlı olan ocaqlara real təhlükədən qabaq müdaxilə etməli idi. Bu strategiya ABŞ-ın hakimiyyətində dünyaya qlobal terrorçuluqla mübarizədə Vaşinqtonun hegemonluğunu təmin etməli idi.

"Qabaqlayıcı üstünlük" layihəsi ilə yanaşı ABŞ özünün digər daha bir layihəsini - "Böyük Yaxın Şərq Layihəsi"ni həyata keçirməyə başladı.
İndiyədək heç bir rəsmi sənəddə öz əksini tapmayan bu layihə ABŞ-ı hədəfə almış islamçılardan təsirlənən dini qruplaşmaların mövcud olduğu, Mavritaniyadan İndoneziyaya qədər 50-dən çox ölkəni birləşdirən islam coğrafiyası üçün nəzərdə tutulmuşdu.

Layihənin tərkib hissəsi isə, "mötədil" islam" strategiyasının tətbiq edilməsi idi. Bu strategiyaya görə, islam coğrafiyasındakı mühafizəkar dini ideyaların yayıldığı "radikal islam bataqlığını qurutmaq" üçün yeni bir "islam" modeli təsis etmək lazım idi. Türkiyə isə bu model üçün yeganə münbit ölkə idi.
Əslində, Türkiyədə tətbiq edilən "mötədil islam" modeli Vatikana dialoq üçün daha əlverişlidir, lakin bu modelin bir çox müsəlmanlar tərəfindən qəbul edilməməyi bu dəfə də dialoqun reallaşmasının qarşısını alır.

Vatikanın İranla dialoquna gəlincə isə burda dialoqa əngəl olan amillərdən biri də şiə müsəlmanların dünya müsəlmanlarının 23 faizini təşkil etməsidir. Bu dialoq baş tutsa belə, faiz nisbəti az olduğuna görə bir o qədər də uğurlu olmaya bilər.

Dinlərarası dialoqun, xüsusən də müsəlman-xristian dialoqunun baş tutması üçün ilk növbədə islam dünyası öz arasında ortaq məxrəcə gələrək , məzhəblərarası dialoqu reallaşdırmalıdırlar.

Lakin bütün bunlar dinlərarası dialoqun baş tutmamasında sadəcə olaraq İslam dünyasının məsuliyyət daşıdığını söyləməyə əsas vermir.

Təəssüflər ki, bu gün demokratiya, ifadə azadlığı və insan haqları ilə "silahlanmış" Qərb də dialoqun gerçəkləşməsinə hazır deyil.

Qərbdə dialoqa mane olan amillərdən ən əsası isə islamofobiyanın və ifadə azadlığı adı altında islami dəyərlərin təhqir olunmasıdır . Bu kimi halların atması istər-istəməz, qərbin ayrılmaz hissəsinə çevrilmiş və ölkənin siyasi ictimai həyatında önəmli rol oynayan müsəlmanların cəmiyyətdən ayrılmasına səbəb olur.

Bu gün Avropada bəzi dairələr islamofobiyada məhz immiqrant müsəlmanların özlərinin günahkar olduqlarını söyləyirlər. Bu dairələr israrla müsəlman immiqrantları Avropa mədəniyyətinə inteqrasiya etməməkdə ittiham edirlər. Amma nədənsə Avropadakı müsəlmanların heç də hamısının immiqrant olmadığı faktı haqda danışılmır.

Avropa hər zaman müsəlman ölkələrini demokratik olmamaqda ittiham etməsinə baxmayaraq, Avropada İslam və müsəlmanlara qarşı qərəzli mövqe nümayiş etdirilməsi əslində Avropa demokratiyasının saxta olmasını göstərir. Avropanın bu addımı isə bəzi müsəlmanların radikallaşmasına gətirib çıxarır. Bu da radikal qrupların mənafelərinə xidmət edir. Çünki onların düşüncəsinə görə, saxta demokratiyaya qarşı ancaq radikal islam ilə mübarizə aparmaq olar.

Dinlərarası dialoqun gerçəkləşməsi ilə bu gün dünyada baş verən bir çox qanlı münaqişələrin qarşısı alına bilər. Dinlərarası dialoq nə qədər maneələrlə əhatə olunsa da, bu dialoqun gerçəkləşməsi zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti