...

Deputat: “Sovetski”nin abadlaşdırılması insanların rifahına xidmət edir

Nəzər nöqtəsi Materials 13 Aprel 2017 19:14 (UTC +04:00)
Bakıda “Sovetski” adlanan ərazinin sökülməsi Bakının abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində həyata keçirilən böyük layihənin davamıdır.
Deputat: “Sovetski”nin abadlaşdırılması insanların rifahına xidmət edir

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda "Sovetski" adlanan ərazinin sökülməsi Bakının abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində həyata keçirilən böyük layihənin davamıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, "Sovetski" adlanan ərazidə Sovet dövründən də əvvəl məskunlaşma var idi və burada planlı şəkildə tikilmiş, sanitar-gigiyenik normalara uyğun nə mənzil, nə küçə var idi:

"Ancaq bu gün həmin ərazinin abadlaşdırılması üçün böyük bir sosial layihə həyata keçirilir. Dövlətin investisiya qoyduğu bu sosial layihədə məqsəd odur ki, həm burada yaşayan insanlar daha abad, geniş, işıqlı, sosial şəraiti olan, sanitar-gigiyenik normalara uyğun evlərdə məskunlaşsınlar, həm də həmin ərazi bütövlükdə şəhər əhalisinin istirahəti, sağlamlığı, şəhərin gözəlliyi üçün məqbul bir vəziyyətə gətirilsin. Layihənin həyata keçirilməsi həm də şəhərin yol infrastrukturunu yaxşılaşdıracaq, insanlar həmin ərazidən rahat gedib-gələcək, yeni parklar, yaşıllıqlar salınacaq, şəhərimiz daha da gözəlləşəcək".

Deputat bildirib ki, Azərbaycan son 20 ildə bu cür çoxsaylı layihələrə imza atıb: "Sovetski" adlanan ərazidə yaşayan insanlara daha güzəştli şərtlərlə mənzillərin verilməsi təklif edildi və demək olar ki, orada yaşayan insanların hamısı razılıqla köçüb getdi. Eyni zamanda həmin ərazidə yerləşən tarixi, mədəni əhəmiyyətli binalar da saxlanılıb və onların restavrasiyası məsələsi də gündəmdədir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev həmin ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə dərhal reaksiya verdi və sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi: "Bu qərar insanların etimadını artırdı və onlar gördülər ki, dövlət başçısı həmişə əhalinin yanındadır, insanların istənilən kiçik narahatlıqlarını hər zaman nəzərə almağa hazırdır. İnsanlar Prezidentin bu addımını çox böyük məmnunluq hissi ilə qarşıladılar. Bu həm də xalq-lider birliyinin əyani bir təcəssümüdür. Əslində icra hakimiyyətinin nümayəndələri izahat verirlər ki, bu bina heç bir tarixi əhəmiyyət daşımır və məscid kimi də qeydiyyatda deyil. Amma buna baxmayaraq əhalinin istəyini nəzərə alaraq Prezident İlham Əliyev bu məsələnin araşdırılması ilə bağlı göstəriş verdi".

M.Quliyev vurğulayıb ki, belə vəziyyətdən istifadə etmək istəyən qüvvələr də var: "Şübhəsiz ki, onlar istəyərdilər ki, bu məsələ şişsin, siyasi don alsın və yaxud da ölkədə bir qarşıdurma, ictimai sabitliyin pozulmasına gətirib çıxarsın. Çox təəssüf ki, belə qüvvələr də var və o qüvvələrə qarşı da ən yaxşı cavabı elə Azərbaycan ictimaiyyətinin özü verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti