...

Beynəlxalq ekspertlər Qəzzə Zolağında münaqişənin nizamlanması ilə bağlı müxtəlif rəydədirlər - SORĞU

Dünya xəbərləri Materials 12 Yanvar 2009 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir Ü.Sadıqova/ Dekabrın 27- dən başlayaraq, İsrail Qəzzə Zolağında HƏMAS üzvlərinə qarşı "Ərinmiş qurğuşun" hərbi əməliyyatını aparır. 900 - dən çox fələstinli hərbi münaqişənin qurbanı olub, təxminən 4300 nəfər yaralanıb. Qəzzədə vəziyyət humanitar fəlakət həddindədir.

BMT Təhlükəsizlik Şurasının bir sıra təcili iclasları və atəşkəs haqqında qətnamələrin qəbul edilməsinə baxmayaraq, bu, Qəzzədə qan tökülməsini dayandırmayıb. Misir vasitəçilik təşəbbüsünü irəli sürüb.

- Qəzzədə hərbi münaqişənin nizamlanması üçün hansı zəruri tədbirləri görmək lazımdır?

Trend -un müxbirləri bu sualla ekspert və politoloqlara müraciət ediblər.

Amatsiya Baram, Yaxın Şərq üzrə Hayfa Universitetinin professoru:

- Problemi həll edə biləcək yeganə  vasitə Amerika və Avropanın dəstəyi ilə Zolağa silah qaçaqmalçılığının dayandırılması üçün Qəzzə ilə sərhəddə xarici qüvvələrin iştirakına icazə verməyə Misiri inandırmaqdır. Misir buna razılaşarsa və yeraltı tunellər vasitəsilə Qəzzəyə silah qaçaqmalçılığını dayandırmaq üçün əlindən gələni edərsə, şübhəsiz, bu, problemi həll edəcək və İsrail qoşunları Qəzzə Zolağından çıxaracaq.

Misir daha çox çeviklik və qaçaq silahın daşınmasına nəzarət göstərməlidir.

Davud Abdullah, Böyük Britaniya Müsəlman Şurası Baş katibinin müavini:

- Beynəlxalq təşkilatlar İsrailə Qəzzədə müharibəni dayandırmaq üzrə təzyiq göstərsələr də, İsrailin əsas müttəfiqi olan ABŞ BMT TŞ - də böyük təsirə malikdir.

Bu problemin həlli üçün TŞ və beynəlxalq ictimaiyyət İsrailə ultimatum təqdim etməlidir. Yəni: əməliyyat dayandırılmazsa, BMT- də gələcək üzvlüyə yenidən baxılmalı, beynəlxalq embarqo tətbiq edilməli, İsrailin bir neçə diplomatik nümayəndəliyi bağlanılmalıdır. Bu, İsrailə ən yaxşı bəyanat olacaq.

Avropa ölkələri İsraili Qəzzədə təcavüzü dayandırmağa çağırsalar da, İsrail bunu rədd edib. Buna görə də, ABŞ prezidenti Eyzenhauerin 1966 - cı ildə - İsrail Qəzzə Zolağını işğal olunan zaman etdiyi kimi, İsrailə ultimatum verməyin vaxtı gəlib çatıb. Başqa şəkildə, beynəlxalq ictimaiyyət bu məsələni həll etməkdə gücsüz olacaq.

Rəmzi Barud, "Palestine Chronicle" - nin Baş redaktoru:

- Beynəlxalq ictimaiyyət onsuz da ac və qorxmuş minlərlə insanın qətlini dayandırmaq üçün mümkün olan hər bir şeyi etməlidir. İsrailə istənilən təzyiq vasitəsindən istifadə etməli və onun hərbi özünə əminliyini dayandırmalıdır.

Fələstinlilər adət ediblər ki, ABŞ bütün cəbhələrdə İsraili sözsüz dəstəkləyənədək, İsrail beynəlxalq qanuna hörmət etməyəcək.

Lakin bu o demək deyil ki, beynəlxalq ictimaiyyət tənbəl şəkildə İsrailin ən qanlı hücumlarından birini müşahidə edəcək. İsrailin beynəlxalq qanuna biganəliyi və ABŞ-ın İsrailin özünəəminliyini dəstəkləməsi beynəlxalq ictimaiyyəti İsrailin Qəzzədə soyqırım siyasətinə qarşı ona alternativ təzyiq yollarının axtarışına sövq etməlidir.

İsrail beynəlxalq təşkilatların elan etdikləri diplomatik və iqtisadi qiyməti ödəyə bilər. Venesuela hökumətinin nümunəsinə əməl etmək və İsrail səfirini çıxartmaq. Məsələn, 20 ölkə İsraillə diplomatik və kommersiya əlaqələrini kəsərsə, bu beynəlxalq ictimaiyyətin Qəzzədə ölümcül hücumlara diqqət yetirməsinə sübut olacaq.

Yahudit Auerbah, Bar-İlan Universitetinin (İsrail) politologiya professoru:

- Münaqişənin əsas səbəbi - HƏMAS - ın İsraili məhv etmək istəyi məlumdursa, o zaman ilk növbədə HƏMAS - ı zərərsizləşdirmək lazımdır. Qəzzə Zolağına silah və HƏMAS - ın İsraili məhv etmək niyyətində olduğu digər hərbi təchizatın daşınmasını dayandırmaq lazımdır.

Barışığın əsas məqamları HƏMAS - ın İsrailə müqavimətini sındırmaq, qruplaşma üçün Qəzzəyə silah daşınmasının bütün mümkün yollarını bağlamaqdır. Misirin barışıq təklif etməsinə baxmayaraq, HƏMAS əvvəlki kimi, İsraili raketlərlə atəşə tutur və beləliklə də, problem həlledilməmiş qalır.

Heydər Camal, Rusiya - İslam Komitəsinin sədri:

- Beynəlxalq ictimaiyyət İsrailə qarşı sülhə məcburetmə əməliyyatı aparmalıdır - 1991 - ci ildə Səddam Hüseynə qarşı həyata keçirilən əməliyyat kimi. Bu o deməkdir ki, İsrail Silahlı Qüvvələri Qəzzə ərazisini tərk edənədək onlara zərbələr endirilir. Bu, siyasi və iqtisadi embarqodur.

Lakin dünya ictimaiyyəti dünya standartları üzrə yaşayır və getdikcə daha çox ABŞ - ın rəyinə əməl edir. Amerikanın dəstəyi olduqca İsrail kəskin qətnamələrdən qorxmayacaq. Belə ki, ABŞ bu qətnamələrin qəbul edilməsinə imkan vermir. Buna görə də, sülhə gətirə biləcək yeganə şey HƏMAS döyüşçülərinin qəhrəmanlığıdır.

Həsən Qənizadə, Fələstin-İsrail münaqişəsi üzrə aparıcı iranlı ekspert:

- BMT TŞ - nin Qəzzədə münaqişənin həlli üzrə qətnamələrinin müvəffəqiyyətsizliyə uğramasının səbəbi ABŞ - ın bu sənədlərin qəbul edilməsinə qadağasıdır. Hazırki məqamda BMT TŞ ABŞ və İsrailin əlindədir. Bu, beynəlxalq narazılığı doğurmuş səbəb idi.

Dünya ictimaiyyəti vicdanı unutmayaraq, Qəzzədəki hadisələri izləməlidir. İlk növbədə, o, regiondakı hadisələri araşdırmalıdır. Baş verənlərin və dünyada islamçı qruplaşmaların yaranmasının səbəbləri araşdırılmalıdır. Regiondakı hadisələrin hərtərəfli araşdırılması üçün Qərb və müsəlman ölkələri arasında əməkdaşlıq olmalıdır.

Bundan başqa, Qərb ölkələri müsəlman xalqlarına yuxarıdan baxırlar ki, bu da onlar üçün təhqirdir. Bu ölkələr müsəlmanlara baxışlarını yenidən nəzərdən keçirməlidirlər.

Zərdüşt Əlizadə, azərbaycanlı ərəbşünas və politoloq:

- Beynəlxalq təşkilatlar münaqişənin həllində zəif rol oynayırlar. Onların rəyi heç bir şeyi həll edə bilməz. İndi dünyada qlobal güc beynəlxalq rəylə razılaşmayan və İsrailin işğal siyasətini müdafiə edən ABŞ - dır. ABŞ - ın rəhbər qüvvəsi olmadan bu təşkilatlar heç bir qərar qəbul edə bilməyəcəklər.

Sadəcə, İsrailin ədalətsiz siyasəti haqqında daha açıq danışmaq lazımdır, Türkiyənin Baş nazirinin etdiyi kimi, İsraili daha yüksək səviyyədə ittiham etmək lazımdır. Avropa İttifaqı daha kəskin bəyanatlarla vəziyyətə təsir göstərə bilər. Lakin onların maraqlarına daxil olmadığından, bunu etmirlər. Hazırki məqamda dünyada ədalət anlayışı yoxdur.

Frensis A. Boyl, beynəlxalq hüquq professoru, Yaxın Şərq sülh danışıqlarında (1991-1993) Fələstin nümayəndə heyətinin hüquqi müşaviri, Nobel Sülh Mükafatının nominantı:

- Əvvəla, İsrailin bütün BMT sistemində, o cümlədən Baş Assambleya və bütün yardımçı orqanlarda üzvlüyünü faktiki olaraq dayandırmaq lazımdır. İsraillə, BMT Baş Assambleyası Yuqoslaviyada soyqırım və Cənubi Afrikada cinayətkar aparteid rejiminə qarşı özünü apardığı kimi hərəkət etmək lazımdır! Burada İsrailin BMT-yə üzvlüyünün faktiki dayandırılması üçün hüquqi əsas çox sadədir.

İkincisi, İsraillə istənilən gələcək danışıqlar beynəlxalq ictimai hüququn bir sıra prinsiplərinin əsasında həyata keçirilməlidir ki, bu da Cenevrə Konvensiyası (1949) və Haaqa Əsasnaməsinin (1907) əsasında dayanır.

Üçüncüsü, ABŞ - ın aldadıcı "düzgün vasitəçi" rolundan imtina etmək lazımdır. ABŞ hökuməti heç zaman belə olmayıb. ABŞ daim Fələstinə qarşı İsraili dəstəkləyib.

Bu danışıqlarda vasitəçilik üçün fələstinli danışıq aparanlarının Birləşmiş Ştatlar hökumətinin daimi istehza, təhdid, qorxutmalarına məruz qalmayacağı beynəlxalq çərçivələr yaratmaq lazımdır.
 Dördüncüsü, BMT Baş Assambleyasının "Sülh naminə birlik" Qətnaməsinin (1950) şərtlərinə müvafiq olaraq, İsrailə qarşı iqtisadi, diplomatik və digər sanksiyalar tətbiq etməsinə nail olmaq lazımdır.

Beşincisi, Fələstin Dövlətinin müvəqqəti hökuməti Fələstin xalqına qarşı soyqırım aktları və 1948 - ci ilin Soyqırım haqqında Konvensiyasının pozulmasına görə, Haaqada Beynəlxalq Məhkəmədə İsrailə qarşı iddia qaldırmalıdır.

Lübna əl Məsrəvi, "Qəzzənin azad edilməsi" hərəkatının rəhbəri:

- Təəssüf ki, beynəlxalq ictimaiyyət Qəzzədəki hadisələr barədə tamamilə məlumatlandırılmayıb. Beynəlxalq ictimaiyyət buna qarşı rəsmi qüvvələrin edə bilmədiyindən çox şey edə bilər.

İsrail beynəlxalq ictimaiyyətin rəyini saymır. Bu, Qəzzədə vəziyyəti daha da dərinləşdirir və Qəzzənin dinc əhalisi arasında qurbanların sayının artmasına gətirir. Misir, Fransa və Türkiyənin vasitəçi qismində çıxış etmək istəkləri nəticə  verməyəcək. Belə ki, əksər ölkələrin Fələstində problemin həllinə müxtəlif baxışları var. Ən yaxşı həll yolu beynəlxalq ictimaiyyətin İsrailə qarşı çıxması və Qəzzədə dinc əhalinin həlak olmasına və hərbi əməliyyatlara görə İsraillə əlaqələrin kəsilməsidir.

Mustafa Özcan, Yaxın Şərq üzrə aparıcı türkiyəli politoloq:

- Qəzzə Zolağında əsas problemlər həll edilmədən daimi atəşkəsə nail olmaq mümkün olmayacaq. Əsas məqsəd Fələstin Muxtariyyətinin 1967 - ci ilin sərhədlərinə qayıtmasıdır. Lakin bu qərara təsir edə biləcək yeganə vasitə ABŞ - ın qlobal gücüdür.

ABŞ İsrailə hərbi və diplomatik dəstəyi dayandırarsa, ona çox  güclü təzyiq göstəriləcək. Ona görə ki, ABŞ - ın dəstəyi olmadan, İsrail bir gün də yaşaya bilməyəcək. Bu  mənada, problemin həllinə açar ABŞ - dadır.

Məqalənin  hazırlanmasında E.Tariverdiyeva, T.Cəfərov, B.Həsənov iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti