İranda "Faiz" adlı ilk ikimotorlu, tək sərnişinli təyyarənin təqdimat mərasimi keçirilib. Mərasimdə İranın müdafiə naziri Əhməd Vəhidi iştirak edib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Vəhidi təqdimat mərasimində jurnalistlərə bildirib ki, təyyarə İranlı mütəxəssislər tərəfindən istehsal olunub. "Təyyarənin iki mühərriki kompozitdir, çəkisi 175 kiloqramdır və saatda 220 kilometr uça bilir, bundan başqa təyyarədə manevr imkanı genişdir", -Vəhidi əlavə edib.
Vəhidi onu da qeyd edib ki, "Faiz" təyyarəsi həm suda və həm də quruda enib-qalxma imkanına malikdir, təyyarənin iki ekipaja çevrilmə imkanı var.
Onun sözlərinə görə, bu təyyarə bütün sınaqlarını müvəffəqiyyətlə başa vurub.
O əlavə edib ki, "Faiz" təyyarəsi müştərilərin sifarişi ilə istehsal olunacaq və əyləncə, akrobatik hərəkətlər etmək və gəzintilər təşkil etmək üçün nəzərdə tutulub.