...

Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib

Dünya xəbərləri Materials 4 İyun 2010 18:46 (UTC +04:00)
İran İslam İnqilabının banisi ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü ilə əlaqədar cümə günü Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib.
Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib

İran İslam İnqilabının banisi ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü ilə əlaqədar cümə günü Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib. Konfransda İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami, ziyalılar, din xadimləri, jurnalistlər, şair və yazıçılar iştirak ediblər.

Tədbir səfirliyin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Səfir Məhəmməd Bağır Bəhrami konfransda çıxış edərək tədbir iştirakçılarına İmam Xomeyninin şəxsiyyəti və fikirləri barədə danışıb. Tədbirdə İmam Xomeyninin şəxsiyyəti və təfəkkürü ilə bağlı müxtəlif məqalələr təqdim olunub.

İran İslam Respublikasının mənəvi lideri və qurucusu ayətullah Xomeyni 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Xomeyni öz dövründə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək, şah Rza Pəhləvi rejiminə qarşı mübarizə aparıb. O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altımaddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başlayıb. 1961-ci il iyunun 5-də baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək, Tehrandakı İşrətabad hərbi həbsxanasında saxlanılıb. Sərbəst buraxıldıqdan bir il sonra kapitalizm əleyhinə söylədiyi nitqinə görə təkrar həbs edilib. Ancaq bu dəfə 1965-ci il noyabrın 4-də Türkiyəyə sürgün edilib. Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa gedib və Nəcəf şəhərində yerləşib. Xomeyninin oğlu Seyid Mustafanın şahın casusları tərəfindən öldürülməsi ilə İranda xaos meydana gəlib. Şah rejimi əleyhinə üsyan başlayıb. Bundan sonra Xomeyni İraqdan Fransanın paytaxtı Parisə sürgün edilib. 1979-cu ildə şahın İrandan qaçmasından sonra ayətullah Xomeyni 15 illik sürgün həyatına son qoyub, böyük bir təntənə ilə İrana qayıdıb. Onun gəlişi ilə inqilabın gedişi daha da sürətlənib və 1979-cu il fevral 11-də Xomeyninin başçılığı ilə İslam İnqilabı qələbə qazanıb.

İmam Xomeyni İslam İnqilabının qələbə qazanmasından 10 il sonra - 1989-cu il iyunun 4-də Tehran şəhərindəki ürək xəstəlikləri xəstəxanasında dünyasını dəyişıb.

Xəbər lenti

Xəbər lenti