...

İran 20 faizlik uran yanacağını 2011-ci ilin yay mövsümündə istehsal edəcək

Dünya xəbərləri Materials 29 Sentyabr 2010 14:31 (UTC +04:00)
İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, İran gələn ilin sentyabr ayınadək Tehranın Əmirabad nüvə reaktorunun yanacağını istehsal edəcək.
İran 20 faizlik uran yanacağını 2011-ci ilin yay mövsümündə istehsal edəcək

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, İran gələn ilin sentyabr ayınadək Tehranın Əmirabad nüvə reaktorunun yanacağını istehsal edəcək.

İSNA agentliyinin məlumatına görə, Salehi bildirib: "Əmirabad stansiyasının 20 faizlik uran yanacağı istehsalının ilkin mərhələsindəyik və yay mövsümündə reaktoru daxildə təmin olunmuş yanacaqla təmin edəcəyik".

İrana - Tehrandakı Əmirabad tədqiqat reaktoruna 19,75 faizədək 120 kiloqrama yaxın zənginləşdirilmiş uran tibbi məqsədlərdə istifadə etmək üçün tələb olunur. Reaktor 1960-cı illərdə tikilib. Ötən il oktyabrın sonlarında MAQATE İrandan Tehrandakı nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1 200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil almasını tələb edib. İran isə yalnız ölkə ərazisində sinxron mübadiləyə razılıq verdiyini bəyan edib.

Mayın 17-də isə Brazilyanın iştirakı ilə İran və Türkiyə 1 200 kq zəif zənginləşdirilmiş uranın Türkiyə ərazisində 20 faizlik yanacaqla mübadiləsi barədə bəyannamə imzalayıblar. İranın zəif zənginləşdirilmiş uranı Tehranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında müvafiq sazişin imzalanmasından sonra bir ay müddətində Türkiyəyə göndərilə bilər.

Keçən ayın 31-də Salehi İRNA agentliyinə bildirmişdi ki, Tehran reaktoru üçün lazımlı nüvə yanacağı ilin sonunadək istehsal olunacaq.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi açıqlayıb ki, indiyədək 25 kiloqram 20 faizlik uran artıq zənginləşdirilib və ilin sonunadək Tehran reaktoruna lazım olan bütün nüvə yanacağı ölkədə istehsal olunacaq.

Xəbər lenti

Xəbər lenti