İranın Məşhəd şəhərində Səudiyyə Ərəbistanının konsulluğu qarşısında bu ölkənin Bəhreynə hərbi qüvvələr göndərməsinə etiraz əlaməti olaraq mitinq keçirilib. Konsulluğa hücum edən mitinq iştirakçıları binanın pəncərələrinin şüşələrini sındırıblar. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, polisin müdaxiləsi ilə konsulluğa hücum edənlərin qarşısı alınıb.
Mitinq iştirakçıları Səudiyyə Ərəbistanının konsulluğunun bağlanılması və konsulun ölkədən çıxarılmasını tələb ediblər. Onlar Səudiyyə Ərəbistanı hökuməti əleyhinə şüarlar səsləndiriblər.
Bəhreyndə bir neçə gündür ki, etiraz aksiyaları keçirilir. Aksiyaçılar hakim rejimin devrilməsi tələbi ilə yürüşlər keçirirlər. Səudiyyə Ərəbistanı Bəhreynə 1000-ə qədər hərbçi göndərib. Son günlər Bəhreyndə baş verən mitinqlərdə 10 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.