Azərbaycan, Bakı, 16 mart /Trend/
Moldovanın Ali Magistratura Şurasının sədri Nikolay Timofti ölkə prezidenti seçilib. Onun lehinə Moldova parlamentinin 62 deputatı səs verib. Seçilmək üçün ona 61 səs toplamaq lazım idi. Kommunistlər seçkilərdə iştirak etməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
Moldova 2009-cu ildən prezidentsizdir. Buna qədər dövlət başçısını seçmək üçün dörd dəfə cəhd göstərilsə də, seçkilər baş tutmayıb. Çünki namizədlər səslərin lazımi sayını - 101 deputatın ən azı 61-nin səsini toplaya bilməyiblər. Siyasi dalandan çıxmağa hakim "Avropaya inteqrasiya uğrunda" alyansının irəli sürdüyü namizədi dəstəkləyən sosialistlərin üç səsi imkan verib.
Nikolay Timoftinin 63 yaşı var. O bütün ömrü boyu Moldovanın məhkəmə sistemində çalışıb.