Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A. Tağıyeva/
İstanbul polisi ölkədə 1 May bayramının qeyd edilməsi ilə bağlı gücləndirilmiş rejimdə işləyir. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Hakimiyyət həmkarlar ittifaqlarına İstanbulun əsas meydanı olan Taksimdə kütləvi askiya keçirməyə icazə verib. Lakin təhlükəsizlik qüvvələri təxribatlardan və terror aktlarından ehtiyat edirlər və onların baş verməməsi üçün tədbirlər görürlər.
Türkiyədə 1 Mayın qeyd edilməsi ilə əlaqədar Taksim meydanında vaxtaşırı faciəvi hadisələr baş verib. Belə ki, 1977-ci ildə həmkarlar ittifaqının 500 minlik mitinqi zamanı atışma və iğtişaşlar nəticəsində 36 nəfər ölmüş və 130 nəfər xəsarət almışdı.
2007-ci ildə İstanbul polisi Taksim meydanına getməyə cəhd edən nümayişçiləri dağıdarkən müqavimət göstərdiklərinə görə təqribən 900 nəfəri həbs etmişdi.
Türkiyədə 1 May 1935-ci ildə Əmək bayramı elan edilib və 1980-ci il hərbi çevrilişinədək bayram günü sayılırdı.
2008-ci il aprelin 21-də Türkiyə hakimiyyəti həmkarlar ittifaqının təşəbbüsü ilə 1 Mayı yenidən Əmək və Həmrəylik Günü elan etdi.