Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E. Tariverdiyeva/
İranın Keşikçilər Şurası ölkə prezidentliyinə namizədlərin qəbulu və rədd edilməsi ilə bağlı müstəqil qərar verir. Trend-in bazar ertəsi ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Keşikçilər Şurasının mətbuat katibi Abbas Əli Kədxudayi deyib.
Məlumata görə, sabiq prezident Əkbər Haşimi Rəfsəncani və Prezidentin keçmiş köməkçisi İsfəndiyar Rəhim Məşainin seçkilərdə iştirakdan məhrum edilməsi ilə bağlı Parlamentin 100 üzvünün petisiyasına istinad edən Kədxudayi bildirib ki, hər kəs namizədlərin məqbulluğu barədə öz fikirini söyləyə bilər. Lakin Şura ictimaiyyətin fikrinə diqqət yetirməyəcək, müstəqil fəaliyyət göstərəcək:
"İnsanın əqidəsi İran İslam Respublikasının prinsiplərinə uyğun deyilsə, onun namizədliyi Şura tərəfindən geri qaytarılacaq".