...

İstanbuldakı terrorda da PKK-nın əli var: 5 ölü, 38 yaralı (ƏLAVƏ OLUNUB-8)

Dünya xəbərləri Materials 19 Mart 2016 16:03 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
İstanbuldakı terrorda da PKK-nın əli var: 5 ölü, 38 yaralı (ƏLAVƏ OLUNUB-8)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:33-də yayılıb)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, terrorçuların məqsədi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib.

İlkin məlumata əsasən, hadisədə PKK terror təşkilatının əli var.

X X X

15:29

Trend-in "TRT Haber" telekanalına istinadən məlumat verir ki, ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu xəsarət alanların sayı 38 nəfərə çatdığını deyib. Onlardan 12-si xarici vətəndaşdır.

Nazirin sözlərinə görə, gün ərzində ikinci terror aktının baş verəcəyi istisna deyil.

X X X

14:16

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisənin terror aktı olduğu rəsmən təsdiqlənib.

İstanbul valiliyi ölənlərin sayının 5 nəfərə, yaralıların sayının isə 21 nəfərə çatdığını bildirib.

"Kanal7" telekanalının məlumatına görə, xəsarət alanlardan 3-ü İsrail vətəndaşıdır.

Ətrafda terrorçuların olma ehtimalını nəzərə alan polis ara küçələrdə axtarışa başlayıb.

X X X

14:09

İstanbul valisi Vasip Şahin partlayış nəticəsində terrorçu ilə birlikdə 4 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 20 nəfərin xəsarət aldığını deyib.

Tocarət mərkəzlərinin xeyli sayda olduğu İstiqlal prospektində hazırda bütün dükanlar bağlanıb, satıcılar ərazidən uzalaşdırılıb.

X X X

13:51

"Hürriyyət" qəzetinin məlumatına əsasən, "canlı bomba" vaxtından əvvəl işə düşüb.

Hazırda terrorçunun əsl hədəfinin hara olduğu araşdırılır.

"Sabah" qəzetinin məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 20 nəfər çatıb.

1-i ağır olmaqla, 5 nəfərin Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.

X X X

13:37

"CNN Türk" telekanalının məlumatına görə, hadisə üzərində partlayıcı qurğu olan naməlum şəxs tərəfindən törədilib.

Hazırda polis hadisə yerində işləyir, Qalatasaray və Taksim meydanlarından prospektə girişlər bağlanıb.

X X X

13:33

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Partlayış yerli vaxtla saat 11 radələrində şəhərin məşhur İstiqlal prospektində qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti