...

Türkiyə dünyanın döyüş gəmisi istehsal edən 10 ölkəsindən biridir - Cevdet Yılmaz (FOTO)

Dünya xəbərləri Materials 3 Avqust 2023 12:20 (UTC +04:00)
Türkiyə dünyanın döyüş gəmisi istehsal edən 10 ölkəsindən biridir - Cevdet Yılmaz (FOTO)

Bakı. Trend:

Türkiyə dünyanın döyüş gəmisi istehsal edən 10 ölkəsindən biridir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Pakistanın MİLGEM layihəsinin dördüncü və son korveti olan TARİQ-in Kəraçidə keçirilən suya endirilmə mərasimində çıxışı zamanı deyib.

"Türkiyə və Pakistan əsrlərdən bəri dərin tarixi və mədəni bağlarla əhatə olunub. Hər iki ölkə strateji dostluq və əməkdaşlıqlarını gündən-günə inkişaf etdirib dərinləşdirirlər. Müdafiə sənayesi sahəsi isə bu əməkdaşlığın əsas sütunlarından biridir. Tarix boyu bu iki ölkə və xalq, xüsusilə çətin anlarda həmrəylik və qarşılıqlı dəstək nümayiş etdiriblər",- deyə Cevdet Yılmaz bildirib.

Vitse-prezident vurğulayıb ki, 2022-ci ildə baş verən sel fəlakətləri zamanı Türkiyə bütün imkanları ilə Pakistana, hökumət və xalqın köməyinə qaçdı. Eyni zamanda, Pakistan da fevral ayında Türkiyədə baş verən zəlzələ fəlakətindən sonra heç bir tərəddüd etmədən bütün imkanları ilə misilsiz həmrəylik nümayiş etdirib.

Bundan əlavə, Cevdet Yılmaz qeyd edib ki, Türkiyə hazırda dünyanın döyüş gəmisi istehsal edən 10 ölkəsindən biridir.

"Türkiyə müdafiə sənayesində xarici asılılığa demək olar ki, son qoyub. 2002-ci ildə 62 olan müdafiə layihələrinin sayı, bu gün 850-ni keçib. Müdafiə layihələrinin həcmi, tender prosesində olanlar da daxil olmaqla 2002-ci ildəki 5,5 milyard dollardan 90 milyard dollara çatıb. Hədəfimiz isə il sonuna qədər bu rəqəmi 6 milyard dollara çatdırmaqdır",- deyə vitse-prezident əlavə edib.

Cevdet Yılmaz söyləyib ki, Türkiyə öz ehtiyacları xaricində dünyanın bir çox inkişaf etmiş ölkələri üçün də gəmilər inşa edir: "Biz inanırıq ki, dövlət başçımızın rəhbərliyi ilə milli müdafiə sənayemizi inkişaf etdirdikcə regional və dünya sülhünə töhfəmiz artacaq. Müdafiə sənayesində əldə etdiyimiz bilik, təcrübə və texnologiyamızı dostlarımızla bölüşməyə hər zaman hazırıq. Pakistanla birgə layihələrimiz bu yanaşmanın müsbət təzahürüdür".

Qeyd edək ki, 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Pakistan Prezidenti Arif Alvi ilə birlikdə BABUR korvetinin suya salınma mərasimində iştirak edib. 2022-ci ilin may ayında isə prezident Ərdoğanın videomüraciət ilə qatıldığı mərasimlə Pakistanın Kəraçi şəhərində BADR korveti, ötən ilin noyabrında İstanbulda prezident Ərdoğanın və Pakistanın baş naziri Şahbaz Şərifin də iştirak etdiyi mərasimlə KHAIBAR korveti, Pakistanın MİLGEM layihəsinin dördüncü və son korveti olan TARİQ isə 2 avqust tarixində Pakistanın Kəraçi şəhərində suya buraxılıb.

Onu da xatərladaq ki, hava hücumundan sualtı müdafiəyə qədər hər cür hərbi tapşırığı yerinə yetirə bilən bu 4 gəminin tədarükləri 6 ay fərqlə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti