Bakı. Trend:
Noyabrın 7-də gecə yarısı Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxması proseduru başa çatıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"7 noyabr 2023-cü il saat 00:00-da Rusiyanın bu müqavilədən çıxması ilə bağlı prosedur başa çatıb. Beləliklə, hələ 2007-ci ildə qüvvəsi ölkəmiz tərəfindən dayandırılmış beynəlxalq hüquqi sənəd nəhayət bizim üçün tarixə çevrildi", - deyə qeyd olunub.
Qeyd olunub ki, eyni zamanda Müqavilə ilə ayrılmaz şəkildə əlaqəli olan daha iki hüquqi məcburi müqavilə Rusiya Federasiyası üçün qüvvəsini itirdi: Varşava Müqaviləsi iştirakçısı olan altı dövlətin adi silah və texnikasının mövcudluğu üçün maksimum səviyyələr haqqında 3 noyabr 1990-cı il tarixli Budapeşt Sazişi, habelə 31 may 1996-cı il tarixli Cinah Sənədi.