Bakı. Trend:
Konqresdəki respublikaçılar ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı aparılan təhqiqatı genişləndirmək və bu mövzunu qarşıdan gələn seçkilərdə demokratlara qarşı əsas tənqid vasitəsinə çevirmək niyyətindədirlər.
Trend-in “The Washington Post”a istinadən verdiyi məlumata görə, respublikaçılar Bayden administrasiyasının Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qərarını daha dərindən araşdırmağı planlaşdırır və əlavə şahid ifadələri tələb edirlər.
Xəbərdə qeyd olunur ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki respublikaçılar, 2021-ci ilin avqustunda Kabildəki qoşunlara rəhbərlik etmiş ABŞ hərbi komandirlərini dinləmələrə çağırmağı planlaşdırırlar. Bu komandirlərdən bəziləri əvvəllər Bayden administrasiyasının Əfqanıstanla bağlı qərarlarını tənqid ediblər.
Məqalədə, həmçinin, prezidentliyə namizəd Donald Trampın öz seçki kampaniyasını Əfqanıstandan qoşunların çıxarılması zamanı ABŞ-ın verdiyi hərbi itkilər üzərində qurmağı və bu məsələni rəqiblərini tənqid etmək üçün istifadə etməyi planlaşdırdığı qeyd olunur.
Daha əvvəl, ABŞ Dövlət katibi Antoni Blinken də Nümayəndələr Palatasının tələbi ilə Əfqanıstandan qoşunların çıxarılması mövzusunda ifadə vermək üçün Konqresə çağırılmışdı.