Bakı. Trend:
2024-cü ilin avqust ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 3 milyon 929 min 979 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq, 1 milyon 327 min 883 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 2 milyon 602 min 96 nəfər təşkil edib.
2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 47 min 545 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 11 min 176 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz artaraq, 36 min 369 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin avqust ayı ilə müqayisədə 4 faiz artaraq, 33 min 80 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 16 min 489, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 16 min 591 olub.
Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.