Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsini birdəfəlik həll etməkdə qətiyyətlidir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Prezident Tramp dəfələrlə bəyan edib ki, Ukrayna və Rusiyanın bu müharibəyə xərclədiyi qiymətli insan həyatı və pulu öz xalqının ehtiyaclarına xərcləmək daha yaxşı olardı. Bu dəhşətli münaqişə heç vaxt prezident Trampın dövründə başlamazdı, lakin o, birdəfəlik sona çatdırmaq əzmindədir", - deyə o qeyd edib.
"Martın 18-də prezident Tramp və [Rusiya] prezidenti Vladimir] Putin [telefonla] Ukrayna müharibəsində sülhün və atəşkəsin əldə edilməsinin vacibliyini müzakirə ediblər. Hər iki lider münaqişənin davamlı sülhlə bitməsi ilə bağlı razılığa gəliblər və ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Bu səhər prezident Tramp Rusiya və Ukraynanın ehtiyac və tələblərini müqayisə etmək üçün prezident Zelenski ilə də danışıb", - deyə o əlavə edib.