Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsinin ana şirkəti olan "Trump Media & Technology Group Corp." (TMTG) "Truth Social Bitcoin" və "Ethereum ETF" fondlarını işə salmaq üçün müraciət edib.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, fond birbaşa kriptovalyutalara – bitkoin və efirə – investisiya edəcək. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının saytında yerləşdirilən sənədlərə əsasən, portfelin 75 faizi bitkoinə, 25 faizi isə efirə yönəldiləcək.
ETF-in bitkoin üzrə eksklüziv qoruyucusu "Crypto.com" platforması olacaq. Fondun fəaliyyətə başlaması ABŞ tənzimləyici orqanlarının təsdiqinə tabedir. Təsdiqləndiyi halda, "Truth Social Bitcoin" və "Ethereum ETF" Nyu-York Fond Birjasının "NYSE Arca" platformasında ticarətə çıxarılacaq.
Qeyd edək ki, mayın sonunda TMTG bitkoin alınması üçün təxminən 2,5 milyard dollar vəsait cəlb edəcəyini açıqlamışdı.
Bununla belə, şirkətin səhmləri bazar ertəsi günündə 1,7% ucuzlaşıb.