Bakı. Trend:
Avropa İttifaqı 2040-cı ilə qədər isitxana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 90% azaltmaq üçün qanuni qüvvəyə malik olan iqlim razılaşmasına nail olub.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Parlamenti və Aİ ölkələri bu hədəfin qanun halına gəlməsi üçün onu ayrı-ayrılıqda təsdiqləməlidir. Bu isə əvvəlcədən razılaşdırılmış sazişlərin formal olaraq qəbul edilməsi deməkdir.
“Bu razılaşma göstərir ki, iqlim, rəqabət qabiliyyəti və müstəqillik bir arada mümkündür. Bu, qlobal tərəfdaşlarımıza güclü mesaj verir. Biz güclü, lakin real iqlim qanunu üzərində razılığa gəldik,” – Aİ-nin iqlim komissarı Vopke Hoekstra bəyanatda bildirib.
Qeyd edək ki, bu hədəf, aylarla davam edən danışıqlardan sonra əldə olunmuş siyasi kompromisi əks etdirir. Polşa, Slovakiya və Macarıstan kimi ölkələr daxili sənayelərinin yüksək enerji xərcləri, ucuz Çin idxalı və ABŞ-ın tarifləri ilə üzləşdiyini əsas gətirərək, karbon qazının daha dərindən azaldılmasına qarşı çıxırdılar.
Digər Aİ üzvləri – Niderland, İspaniya və İsveç kimi ölkələr isə ekstremal hava hadisələrinin daha da artması və "yaşıl texnologiya"ların istehsalında Çinlə ayaqlaşma zərurətini iddialı hədəflərin əsas səbəbi kimi göstərirdilər.
Müxalif tərəfləri razı salmaq üçün Aİ bəzi siyasi cəhətdən həssas iqlim siyasətlərini də yumşaltmağa razılaşdı – məsələn, yanacaq üçün karbon qiymətinin tətbiqini bir il ləngidərək 2028-ci ilə qədər təxirə salıb.
