Bakı. Trend:
Oksford Universitetinin tədqiqatına görə, arıqlama dərmanlarını qəbul etməyi dayandıran insanlar iki ildən az müddətdə itirdikləri çəkini bərpa edirlər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tədqiqatda 9341 iştirakçı ilə aparılmış 37 araşdırmanın nəticələri təhlil edilib. Dərman müalicəsinin orta müddəti 39 həftə, müşahidə dövrü isə 32 həftə olub. Nəticələrə əsasən, dərman qəbulunu dayandıran şəxslər ayda orta hesabla 0,4 kiloqram çəki alaraq, 1,7 il ərzində əvvəlki çəkilərinə qayıdıblar.
Tədqiqat həmçinin göstərib ki, bu dərmanların qan təzyiqi və xolesterol kimi ürək-metabolik göstəricilərə müsbət təsiri müalicə dayandırıldıqdan sonra təxminən 1,4 il ərzində əvvəlki vəziyyətinə dönür.
