Bakı. Trend:
Yaponiyanın Nara prefekturasının dairə məhkəməsi 2022-ci ilin iyulunda keçmiş Baş nazir Sindzo Abeni güllələyərək öldürmüş keçmiş hərbi dənizçi Tetsuya Yamaqamini təqsirli bilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məhkəmə prokurorluğun tələbini təmin edib və Yamaqamini ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Keçmiş hərbi dənizçi Tetsuya Yamaqami 8 iyul 2022-ci ildə kustar üsulla hazırlanmış çoxlüləli qurğudan atəş açaraq Nara şəhərində seçkiöncəsi mitinqdə çıxış edən keçmiş baş nazir Abeni öldürüb. Atəş açan şəxs hadisə yerində siyasətçinin mühafizəçiləri tərəfindən saxlanılıb. Dindirilmə zamanı o bildirib ki, Abeni “Vəhdət Kilsəsi” ilə əlaqələri olduğuna inandığı üçün öldürüb.
Yamaqaminin anası bu təşkilatın fanatik tərəfdarı olub, demək olar ki, bütün var-dövlətini ona ianə edib və nəticədə ailəni müflis vəziyyətə salıb.
