...

İqlim dəyişikliyi kəskinləşib - Alimlərdən xəbərdarlıq

Dünya xəbərləri Materials 29 Yanvar 2026 10:19 (UTC +04:00)
İqlim dəyişikliyi kəskinləşib - Alimlərdən xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi Cənubi Afrikanın bəzi bölgələrini viran qoyan son leysan yağışlarını və daşqınları daha da kəskinləşdirib. Bu fəlakətlər nəticəsində 100-dən çox insan həlak olub, 300 mindən artıq şəxs isə ev-eşiyindən didərgin düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Hava Hadisələrinin Atribusiyası (World Weather Attribution) təşkilatı tərəfindən aparılan və Cənubi Afrika, Mozambik və Zimbabvenin bəzi ərazilərində ciddi daşqınlara səbəb olan son güclü yağışları təhlil edən araşdırma göstərib ki, region 10 gün ərzində normalda bir il ərzində düşən yağıntı miqdarını qəbul edib.

Nəticədə yaşayış evlərinə və infrastruktur obyektlərinə genişmiqyaslı ziyan dəyib, zərərin milyonlarla dollarla ölçüldüyü bildirilir. Bununla yanaşı, insan tələfatı da daxil olmaqla ölçüyəgəlməz humanitar fəsadlar yaranıb.

Mozambikdə bir çox ev və binalar tamamilə su altında qalıb, Cənubi Afrikanın Limpopo və Mpumalanqa əyalətlərində, həmçinin Zimbabvenin bəzi bölgələrində yollar və körpülər sel suları tərəfindən dağıdılıb.

Tədqiqat dünyanın müxtəlif ölkələrindən olan alimlər tərəfindən aparılıb və iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini qiymətləndirmək üçün elmi ictimaiyyət tərəfindən təsdiqlənmiş metodlardan istifadə olunub.

Son leysan yağışları ilə bağlı əldə edilən məlumatlar göstərir ki, təxminən 50 ildə bir dəfə müşahidə olunan bu nadir miqyaslı yağıntılar daha şiddətli leysanlar tendensiyasını təsdiqləyir.

Vəziyyət həmçinin Cənubi Afrika regionuna təbii olaraq daha rütubətli şərait gətirən hazırkı “La Nina” hava hadisəsi ilə daha da ağırlaşıb. Lakin bu dəfə “La Nina” daha isti atmosfer şəraitində fəaliyyət göstərib.

“Nəticələrimiz açıq şəkildə göstərir ki, fosil yanacaqların yandırılmasını davam etdirməyimiz təkcə ekstremal yağışların intensivliyini artırmır, həm də hər halda baş verəcək hadisələri daha ağır və dağıdıcı hala gətirir,” – deyə Niderland Kral Meteorologiya İnstitutunun aparıcı iqlim tədqiqatçısı İzidin Pintu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti