Bakı. Trend:
Norveç Silahlı Qüvvələrinin baş komandanı Eyrik Kristoffersen Rusiyanın mümkün hücum ssenarisini istisna etmədiyini bildirib və Oslonun hadisələrin bu yöndə inkişafı variantına hazırlaşdığını deyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun fikrincə, Rusiya guya ölkənin ən şimalında yerləşən nüvə obyektlərini qorumaq məqsədilə Norveçə hücum edə bilər.
“Rusiya tərəfindən ərazilərin istilasını istisna etmirik. Bu, onun öz nüvə imkanlarını, əlində qalan yeganə və əslində ABŞ üçün təhlükə yaradan vasitəni qorumaq planının tərkib hissəsi ola bilər”, - Kristoffersen bildirib.
Baş komandan qeyd edib ki, Rusiyanın nüvə arsenalının əhəmiyyətli hissəsi Norveçlə sərhədə yaxın Kola yarımadasında yerləşir. Onun sözlərinə görə, Moskva ilə NATO arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə bu amil həlledici əhəmiyyət kəsb edə bilər.
