...

Avropa İttifaqı Cənubi Avropadan keçən Nabucco transxəzər qaz kəmərinin tikintisinin tərəfdarıdır

Dünya xəbərləri Materials 28 İyun 2006 18:32 (UTC +04:00)

Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Andris Piebalqs Xəzər qazının Cənubi Avropadan - Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya ərazisindən keçməklə nəqli üçün Nabucco qaz kəmərinin tikintisinin tezləşdirilməsi haqqında birgə bəyannamənin imzalanmasını salamlayıb. Bu barədə Avropa komissiyasının məlumatında qeyd olunub. Ərazisindən Nabucco qaz kəmərinin keçəcəyi beş ölkənin energetika nazirlərinin birgə bəyannaməsi iyunun 26-da Avropa İttifaqının Vyanada keçirilən nazirlər konfransı zamanı imzalanıb. A.Piebalqsın sözlərinə görə, "qaz Avropa iqtisadiyyatı üçün çox əhəmiyyətlidir və Avropa İttifaqı yeni qaz kəmərinin tikintisini fəal surətdə dəstəkləmək, texniki və kommersiya əngəllərini aradan qaldırmaq fikrindədir".

Trend in xəbər verdiyi kimi, Avropa İttifaqı Şurasının Energetika üzrə prezidenti Martin Bartenşteynin sözlərinə görə, "Nabucco qaz kəməri Avropa İttifaqına qaz nəqlini və tədarükçüləri diversifikasiya etməyə imkan verən Avropanın ən mühüm enerji layihələrindən biridir".

Nabucco qaz kəməri transavropa enerji şəbəkəsinin elementlərindən biri olmalıdır. Onun cənub istiqaməti vasitəsilə Avropa İttifaqı 2025-ci ilə qədər təxminən 10-15% təbii qaz əldə etməyi planlaşdırır. 2008-ci ildə başlanacaq Nabucco qaz kəmərinin tikinti xərcləri, ilkin məlumatlara görə, 4,6 milyard avro məbləğində qiymətləndirilir. Təxminən 3,3 min km uzunluğa malik qaz kəmərinin daşıma qabiliyyəti ildə 31 milyard kub metr təşkil edəcək. Nabucco transxəzər magistralı ilə Avropaya Türkmənistandan, Qazaxıstandan, Azərbaycan və Rusiyadan təbii qaz daxil olacaq. Magistralın qərb hissəsi Türkiyədən, Bolqarıstandan, Rumıniyadan, Macarıstan və Avstriyadan keçəcək.

Xəbər lenti

Xəbər lenti