ATƏT-in hazırki sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt Gürcüstan-Osetiya münaqişəsi zonasında iqtisadi reabilitasiya proqramının gerçəkləşdirilməsi məsələləri üzrə rəhbər komitənin ilk iclasının keçirilməsini alqışlayıb.
Trend in "Novosti-Qruziya"ya istinadən xəbər verdiyi kimi, toplantı cümə günü, oktyabrın 6-da Sxinvalidə ATƏT missiyası tərəfindən təşkil olunub.
"Yeni təşkilati komitənin iclası Gürcüstan və Cənubi Osetiya arasındakı münaqişə zonasında sülhün bərqərar və yerli əhali üçün perspekitvlərin yaxşı ola biləcəyinə bir işarədir", - deyə "RİA Novosti"yə daxil olmuş Karel de Quxtun bəyanatında bildirilir.
O, iqtisadi reabilitasiya layihələrinin gerçəkləşdirilməsinin tərəflər arasında etibarın bərpa olunmasına və münaqişənin nizamlanmasına yardım edəcəyinə ümid bəslədiyini bildirib.
Münaqişə zonasında iqtisadi reabilitasiya proqramı sosial infrastruktur, yollar, energetika, kənd təsərrüfatı, biznes və maliyyə istiqamətləri üzrə müxtəlif layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur.
Münaqişə zonasında iqtisadi reabilitasiya prosesi donorlarının bu ilin iyun ayında Brüsseldə keçirilmiş beynəlxalq konfransında bu məqsədlər üçün ümumilikdə 10 mln. avro ayrılması ilə bağlı açıqlama verilib.
İqtisadi reabilitasiya proqramının gerçəkləşdirilməsi məsələləri üzrə rəhbər komitənin tərkibinə Gürcüstan, Cənubi Osetiya, Rusiya, ATƏT, Avropa Komissiyası və BMT nümayəndələri, eləcə də Avropa Birliyi dövlətlərinin və ABŞ-ın diplomatları daxildir.